×
A
A
A
Sazlamalar

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

Moskva, 29 mart, AZƏRTAC

Avropa İttifaqının Ermənistanı özü üçün müstəsna olaraq resurs və gəlir mənbəyi kimi gördüyü heç bir şübhə doğurmur. Eyni zamanda, onlar ölkənin maraqları və prioritetlərinin Brüsseldə müəyyən edilməsini normal hal hesab edirlər.
AZƏRTAC xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi “Ermənistanın dostları şəbəkəsi” hesabatının NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə hazırlanan “Aİ ilə Ermənistan arasında münasibətlərin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan” adlı məqaləsini belə şərh edib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, hesabata görə, İrəvan Ermənistanın əsas benefisiar olduğu Avrasiya İqtisadi Birliyindən çıxmalıdır. Eyni zamanda, ermənilərin nə vaxt və hansı şəraitdə Aİ-nin ümumi bazarına çıxış əldə edə biləcəkləri məlum deyil. “Ola bilər ki, Avropa İttifaqının boş vədlərinə əməl edərək, respublika sakinləri quru yerdə qalsınlar”, - deyə nazirlik hesab edir.
Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb: “Müəlliflər Aİ ilə vizasız rejimin tətbiqinə söz verməyə çalışırlar ki, bu da gənc və iqtisadi fəal əhalinin Avropaya əhəmiyyətli axınına səbəb olacaq, Ermənistanın iqtisadiyyatına və təhlükəsizliyinə mənfi təsir göstərəcək”.
RF XİN əlavə edib ki, Avropa İttifaqı və NATO Ermənistanın və onun vətəndaşlarının real ehtiyaclarına əhəmiyyət vermir. Bu, respublikanın Qərbə üz tutmasının Cənubi Qafqazın onun ehtiyaclarına uyğun olaraq yenidən formatlaşdırılması üçün “az xərcli” bir müəssisə olduğu qeyd edilən nəticədən aydın görünür. “Bu strukturda Ermənistana müstəsna olaraq Brüssel və Vaşinqtondan gələn sifarişləri yerinə yetirmək rolu həvalə edilib”, - deyə Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-03-29 17:49:00