×
A
A
A
Sazlamalar

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Ankara, 29 mart, AZƏRTAC
Türkiyədə martın 31-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq başa çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Türkiyə Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener məlumat verib.
Onun sözlərinə görə, seçki prosesi üçün ölkə üzrə seçki məntəqələri hazırlanıb. “Ümid edirəm ki, qarşıdan gələn seçkilər demokratik proseslərə töhfə verəcək və Türkiyə xalqının rifahına xidmət edəcək. Həmçinin ümidvarıq ki, bazar günü səsvermə zamanı heç bir insident olmayacaq”, - deyə Yener bildirib.
O, həmçinin xatırladıb ki, 1973-cü ildən bəri Türkiyədə ilk dəfə olaraq seçkilər müsəlmanların müqəddəs Ramazan ayında keçirilir. “Nəzərə alırıq ki, bəzi məntəqə işçilərinin növbətçiliyi olacaq. Eyni zamanda, əsas odur ki, Ramazan ayinləri bülletenlərin fasiləsiz sayılması prosesinə təsir göstərməsin”, – deyə Türkiyə Yüksək Seçki Komissiyasının rəhbəri bildirib.
Səsvermənin nəticələrinə əsasən, Türkiyənin 81 vilayətində bələdiyyə məclislərinin başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyənləşəcək. Ölkə üzrə 206 mindən çox seçki qutusu quraşdırılıb.
Martın 31-də keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyası da daxil olmaqla 34 siyasi partiyanın namizədləri iştirak edəcəklər.

Dünya 2024-03-29 16:51:00