×
A
A
A
Sazlamalar

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

Bərdə, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
“Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağa qayıdacaq əhalinin peşə təlimi və təhsilə cəlb edilməsi ilə bağlı böyük hədəflər müəyyənləşdirilib. 2026-cı ilə qədər 6000 vətəndaşın, yəni keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
“Bizim yanaşmamız ondan ibarətdir ki, vətəndaşlar doğma yurdlarına qayıtmamışdan əvvəl biz onlara maraqlarına uyğun ixtisaslar üzrə təlim keçək. Biz artıq bu fəaliyyətə başlamışıq. Gəncədə, Mingəçevirdə, Qəbələdə məskunlaşan keçmiş məcburi köçkünlər artıq 20-yə yaxın istiqamətdə təlimlərə cəlb olunmaq üzrədir. Bu il ərzində biz ölkənin demək olar ki, bütün regionlarında yaşayan keçmiş məcburi köçkünlərin ehtiyaclarını müəyyənləşdirib onları 2026-cı ilə qədər mərhələli şəkildə təlimlərə cəlb edəcəyik” - deyə C.Kərəmov bildirib.

Regionlar 2024-03-29 16:29:00