×
A
A
A
Sazlamalar

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Bakı, 29 mart, AZƏRTAC
Tariximizin müəyyən dövrlərində ermənilər mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Bu qırğının törədilməsindən 106 il ötür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix üzrə fəlsəfə doktoru Pərvin Kərimzadə deyib.
O bildirib ki, həmin hadisələr zamanı Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, insanlar işgəncələrə məruz qalıblar. Eləcə də, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmə həyata keçiriblər. 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovub.
Deputatın sözlərinə görə, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri hesab olunur. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar. Sovet dönəmində bu acı tarix gizlədilsə də, sonradan aşkara çıxarılıb, əsl həqiqətlər geniş ictimaiyyətə çatdırılıb. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələri ilə bağlı 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bu Fərmanın imzalanması məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Bu Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Üzə çıxmış tarixi faktlar isə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
2007-ci ilin aprelində Quba şəhərində aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlığın aşkarlandığını xatırladan Pərvin Kərimzadə deyib ki, məzarlıqdan tapılan insan cəsədləri üzərində tibbi ekspertizalar və antropoloji araşdırmalar aparılıb. Kütləvi məzarlıqda nəşi tapılanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirilib. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb.
“Azərbaycan dövləti bu gün də ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınların, soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli işlər aparır. Bununla yanaşı, vətəndaş cəmiyyəti və xaricdəki diaspor təşkilatları da bu prosesə öz töhfələrini verirlər”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Qan yaddaşı 2024-03-29 15:58:00