×
A
A
A
Sazlamalar

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Bakı, 29 mart, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan ilə Ermənistan arasında sərhədlərin dəqiqləşməsi prosesi çərçivəsində hazırda Ermənistan işğalı altında olan Qazax rayonunun 7 kəndinin və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin təhvil verilməsi məsələsinin aktuallığını nəzərə alaraq, vətəndaşların bu barədə gözləntilərinin öyrənilməsi məqsədilə sorğular keçirib. Respondentlərə “Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inanırsınızmı?” sualı ünvanlanıb.
Sosial Tədqiqatlar Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sorğu nəticələrinə əsasən, cəmiyyətin Ermənistanın işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir. Belə ki, respondentlərin mütləq əksəriyyəti – 95,8 faizi Ermənistanın işğalı altındakı kəndlərin yaxın gələcəkdə azad ediləcəyinə inandığını, 3,6 faizi inanmadığını bildirib, 0,6 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, Azərbaycanın Qazax rayonunun Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli kəndləri və Naxçıvan MR Sədərək rayonunun Kərki kəndi Ermənistan tərəfindən 1990-1992-ci illərdə işğal edilib. İşğal altında olan bu 8 kəndin 4-ü Azərbaycanın eksklav əraziləridir.
Sorğular martın 15-18-də 18 yaşdan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.
Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edir.

Siyasət 2024-03-29 12:51:00