×
A
A
A
Sazlamalar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Stokholm, 29 mart, Nərgiz Cəfərli, AZƏRTAC

İsveç arxeoloqları XII əsrin ortalarına aid 170 gümüş sikkədən ibarət qeyri-adi tapıntı aşkarlayıblar.
AZƏRTAC xəbər verir ki, sikkələr Visinqsyo adasındakı Braxe kilsəsinin ərazisindəki məzarlardan birində aşkar edilib. Yençepinq Əyalət Muzeyinin arxeoloqları Braxe kilsəsində geotermal istilik sisteminin quraşdırılması ilə əlaqədar ərazini tədqiq ediblər və ilk gün boruların çəkiləcəyi mədəndə iki skelet tapıblar.
“Məzarların necə göründüyünü anlamaq üçün dəfn olunanların sümüklərini çıxardıq. Həmin an üç gümüş sikkə aşkarladıq” - arxeoloq Anna Oden qeyd edib.
Məzarda ümumilikdə gümüş brakteatlar adlanan 170 sikkə aşkar olunub. Ekspert tərəfindən aparılan ilkin yoxlamadan sonra onların 1150-1180-ci illər arasında hazırlandığı müəyyən olunub. Kral zərbxanasının əməkdaşı İva Conson bu tapıntını sensasiyalı hadisə adlandırıb.
“Bu, Getalanddakı erkən orta əsr sikkələrinin tarixini dəyişdirəcək və əksər hissəsi tamamilə naməlum olan dövrə işıq salacaq” – o deyib.
Sikkələr konservasiyaya göndərilməzdən əvvəl Yençepinq Əyalət Muzeyində nümayiş olunacaq.

 

Dünya 2024-03-29 05:09:00