×
A
A
A
Sazlamalar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Stokholm, 29 mart, Nərgiz Cəfərli, AZƏRTAC

Finlandiyada hökumət tərəfindən həyata keçirilən və limanların, konteyner daşınmalarının və yük qatarlarının fəaliyyətinə təsirsiz ötüşməyən əmək bazarı islahatları əleyhinə ümumi nümayişlər Pasxa bayramından sonra davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, martın 10-dan başlayan etiraz aksiyalarında Avtomobil nəqliyyatı işçilərinin həmkarlar ittifaqı, Sənaye işçilərinin həmkarlar ittifaqı, İctimai sektor və Sosial təminat işçilərinin həmkarlar ittifaqı və Elektrik işçilərinin həmkarlar ittifaqı iştirak ediblər. Aksiyalara ümumilikdə, müxtəlif sahələrdə çalışan 7 minə yaxın işçi qatılıb.
Nümayişlər, etiraz aksiyası Əmək müqaviləsi haqqında qanunun dəyişdirilməsini və müxtəlif sosial dəstək proqramlarının azaldılmasını əhatə edən genişmiqyaslı islahat planının icrasının dayandırılması məqsədilə həyata keçirilir.
Finlandiya Mərkəzi Həmkarlar İttifaqının (SAK) rəhbərliyi etiraz nümayişlərini davam etdirməyə qərar verib və buna haqq qazandırıblar. “Ümumiyyətlə, etiraz nümayişlərini bu mərhələdə dayandırmağımıza imkan verəcək dəyişikliklər baş vermir. Yəni hökumət həqiqətən islahatlarında, tətbiq etmək istədiyi məhdudiyyətlərdə işçilərin narahat vəziyyətini və fikirlərini heç bir şəkildə nəzərə almaq istəmir və buna görə də əlbəttə ki, əmək hüquqları uğrunda mübarizəmizi davam etdirəcəyik”.
Mərkəzi İşgüzar Həyat İttifaqı SAK-ın hərəkətlərini “tamamilə məsuliyyətsiz” adlandırıb. İttifaqın sədri Yuri Hyakamiyesin sözlərinə görə, tətillər artıq ölkə iqtisadiyyatına təxminən iki milyard avro ziyan vurub. O, həmçinin həmkarlar ittifaqlarının aksiyalarının dövlət borcunun vəziyyətinin daha da pisləşməsinə, iş yerlərinin və investisiyaların itirilməsinə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.
Finlandiya Bankının rəhbəri Olli Ren hesab edir ki, siyasi tətillər və qarşıdurmalar iqtisadiyyatın inkişafı üçün ciddi risk yaradır. Finlandiya Bankının son aralıq proqnozuna görə, tənəzzül dövrü yaranıb və inflyasiyanın azalması və alıcılıq qabiliyyətinin artması da daxil olmaqla ilin sonuna qədər iqtisadi tərəqqi dövrünün başlayacağı gözlənilir.
Eyni zamanda, Olli Ren Finlandiya əmək bazarı ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlarda vasitəçi olmaq niyyətində olmadığını bildirib.

 

Dünya 2024-03-29 04:51:00