×
A
A
A
Sazlamalar

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Bakı, 29 mart, AZƏRTAC

Belçikanın paytaxtında narkotik ticarəti ilə bağlı hücumların sayı artır. Ötən həftə sonu Brüsseldə bu cür cinayət hadisəsi ilə əlaqədar baş verən atışmalarda iki nəfər həlak olub.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, son sorğuya görə, şəhər sakinləri getdikcə özlərini daha çox təhlükədə hiss edir və küçələrdə polis əməkdaşlarının sayının artırılmasını istəyirlər.
Belçikalı senator və İslahatçı hərəkatının sədri Corc-Lui Buşe hətta ordunu bu işə cəlb etməyə çağırıb. Lakin Belçika səlahiyyətliləri hələ ki, bundan imtina edirlər.
Belçikanın digər siyasi partiyaları və qeyri-hökumət təşkilatlarının nümayəndələri hesab edirlər ki, əsgərlər bu cür müdaxilələrə hazır deyil. Üstəlik, ölkədə ümumi narkomaniyanın artması problemini həll etmək lazımdır.
Polis indi "qaynar nöqtələr" adlandırılan yerlərə, yəni ən yüksək cinayətkarlıq səviyyəsi və müxtəlif narkotik satıcılarının ən aktiv olduğu yerlərə daha çox diqqət yetirməlidir. Hökumət bildirib ki, eyni zamanda, narkotik ticarəti ilə məşğul olan xarici vətəndaşların deportasiyası da sürətləndiriləcək.

Dünya 2024-03-29 03:09:00