×
A
A
A
Sazlamalar

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurası və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərdən bəhs edib. O bildirib ki, Azərbaycan xalqı son iki yüz ildə erməni vandalizmi və terrorizminə məruz qalıb. Bu dövrdə erməni millətçiləri xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımı aktları törədib, insanlıq əleyhinə qəddar və amansız cinayətlərə imza atıblar. Belə qanlı cinayətlər sırasında 1918-ci ilin mart-aprel aylarında baş vermiş kütləvi qətliamlar isə miqyasına görə daha dəhşətlidir.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ermənilər tərəfindən 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə xalqımıza qarşı kütləvi cinayətlər törədilib. Amma sovetlər dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim edilib. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında həkk edilməsinə, real həqiqətlərin araşdırılmasına imkan verilməyib. Nəticədə ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırıb, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala məruz qalıb və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşanıb.
Arif Rəhimzadə qeyd edib ki, yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilib və 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Həmçinin erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Eyni zamanda, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət daşıyır.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Nizami Səfərov isə çıxışında 1918-ci ilin mart qırğınlarını bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirib. Onun sözlərinə görə, həmin dövrdə ermənilərin azərbaycanlılara qarşı kütləvi qətliamı soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlərini özündə ehtiva edir.
O, həmçinin soyqırımı və insanlıq əleyhinə cinayətlər haqqında mövcud olan beynəlxalq sənədlər, konvensiyalar haqqında məlumat verib.
Milli Məclisin deputatı Əminə Ağazadə isə çıxışında bildirib ki, ötən illər ərzində soyqırımı ilə bağlı aparılan araşdırmalar nəticəsində çoxlu sayda aktlar və sənədlər toplanıb. Deputat deyib ki, 1918-ci ilin mart-aprel aylarında Quba qəzasında çoxlu sayda insanların işgəncələr verilməklə qətlə yetirildiyi kütləvi məzarlıqla bağlı daha ətraflı istintaqın aparılması məqsədilə, habelə Neftçala rayonunun Dirovdağ və Qubanın İspik kəndi yaxınlığında meşəlik ərazidə aşkar edilən insanların dəhşətli şəkildə həlak olması əlamətləri üzrə 2010-cu il mayın 26-da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, peşəkar müstəntiqlərin iştirakı ilə istintaq qrupu yaradılıb. İş üzrə çoxsaylı şəxslər, hadisələrin bilavasitə şahidi olan və yaxud zərərçəkmiş şəxslərin yaxın qohumları müəyyən edilərək dindirilib.
Tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.

Qan yaddaşı 2024-03-28 18:21:00