×
A
A
A
Sazlamalar

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

Bakı, 28 mart, AZƏRTAC

Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin iştirakı ilə cari il aprelin 5-də keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ müştərək konfransı heç şübhəsiz Cənubi Qafqazda cərəyan edən proseslərə həsr olunacaq. Hesab edirəm ki, görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi istiqamətində danışıqlar və Rusiya-Ukrayna müharibəsinin regiona təsiri barədə məsələlər əsas müzakirə mövzusu olacaq. Bundan əlavə, müştərək konfrans NATO-nun Baş katibi Stoltenberqin bir neçə gün əvvəl regiona etdiyi səfərin davamı kimi qiymətləndirilə bilər. Fikrimcə, NATO Baş katibi üç Cənubi Qafqaz respublikasının rəhbərliyi ilə apardığı müzakirələrdə istədiyi nəticəni əldə edə bilməyib. Buna görə də Ermənistanın Avropa və Amerikadakı himayədarları İrəvana daha yaxından təsir etmək üçün yeni formatı işə salmağa məcbur olublar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib.
O, Cənubi Qafqazın iki ölkəsinin - Azərbaycan və Gürcüstanın Qərbin regionla bağlı həyata keçirmək istədiyi siyasətlə razılaşmadığını hesab edib: “Vəziyyətin bu səviyyəyə çatması Rusiyanın gözlənilən cəza tədbirləri qarşısında tək qalan Ermənistanı daha ağır vəziyyətə gətirib çıxarıb. Azərbaycan və Gürcüstan tərəfindən təklif olunan siyasətə ABŞ ilə Avropa İttifaqının razılıq verməməsi görüşün və konfransın məhz onların iştirakı olmadan keçirilməsinə qərar verilib. Deməli, qeyd olunan üçtərəfli görüş və konfransda müzakirə edilən məsələlər içində Ermənistanın hazırkı vəziyyətinin və gələcək taleyinin də müzakirə ediləcəyi şübhəsizdir. Görüşün təşkilatçıları Ermənistana təhlükəsizlik və iqtisadi yardımla bağlı verdikləri vədin arxasında durub–durmayacaqlarını da Paşinyana bildirəcəklər. Amma Cənubi Qafqazın taleyinin, o cümlədən Ermənistanın təhlükəsizliyinin müzakirə olunacağı tədbirdə bu regionun üç dövlətindən ikisinin iştirak etməməsi nəzərdə tutulan məqsədə nail olmağa imkan verəcəkmi? Yaxud ABŞ və Avropa İttifaqı bu yardımları hansı formada həyata keçirəcək ki, Ermənistana verdikləri zəmanətləri yerinə yetirə bilsinlər?”, - deyə Ə.İbrahimov qeyd edib.
Politoloq vurğulayıb ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmaya əsaslanır. Sözügedən konfrans tam şəffaf şəkildə keçirilməyəcək, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən, ehtiyac duyulan etimad quruculuğuna, inteqrasiyaya ziddir. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Avropa İttifaqının və ABŞ-ın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda, Avropa İttifaqı və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşməlidir.
Politoloq Ermənistanda artıq təhlükəsizlik və iqtisadi inkişafın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan mümkün olmayacağına inanmağa başlayanların olduğunu bildirərək əlavə edib: “Paşinyanın son günlər dörd kəndin qaytarılması barədə verdiyi bəyanatlar və kommunikasiyaların açılması zərurəti barədə dedikləri bunun əyani sübutudur. Buna baxmayaraq, ABŞ və Avropa İttifaqı öz gündəliyində olan siyasətlərini yenə də israrla Ermənistana təlqin etməyə çalışır və ona bu istiqamətdə təzyiqlər göstərirlər. Nəzərdə tutulan konfransın qeyri-şəffaf təşkili də məhz bununla bağlıdır. Nikol Paşinyan təzyiqlər qarşısında davam gətirib kuratorlarını real vəziyyət barədə məlumatlandıra biləcəkmi? Bunu görüşdən və konfransdan sonra Paşinyanın verəcəyi bəyanatlar, atacağı addımlar göstərəcək. İndiki halda isə konfransın keçirilməsini gözləmək lazımdır. Azərbaycan bu üçtərəfli görüş və konfransdan hansı nəticələrin əldə edilməsindən asılı olmayaraq heç kimə, heç nəyə baxmadan öz yolunu davam etdirməlidir”.

Siyasət 2024-03-28 12:12:00