×
A
A
A
Sazlamalar

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Bakı, 28 mart, AZƏRTAC
Son illərdə Avropanın bir sıra təsisatları tərəfindən Azərbaycana qarşı açıq-aşkar riyakar münasibətin sərgilənməsi müşahidə olunur. Belə münasibətin özlüyündə heç bir reallığı əks etdirmədiyi kimi, əsasında da bir neçə səbəb mövcuddur. Belə ki, Avropa İttifaqının (Aİ) vasitəçi qismində çıxış etməsi və bir sıra irəliləyişlərə imza atması ötən zaman ərzində əldə olunan uğur kimi qiymətləndirilə bilər. Lakin antiterror tədbirlərindən sonra adıçəkilən təşkilatın yüksəkrütbəli diplomatları tərəfindən Azərbaycana qarşı qərəz dolu fikirlər səsləndirilməyə başladı. İlk olaraq Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel mütəmadi şəkildə Azərbaycanı hansısa əməllərdə günahlandırmağa çalışdı və bu siyasət son günlər Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın qismində davam etdirildi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Amid Əliyev söyləyib.
Politoloq qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh istiqamətində müsbət addımların atıldığı və qarşılıqlı etimad mühitinin yarandığı bir vaxtda belə davranışlar destruktivliyə və sülh sazişi üzrə danışıqlara ziyan vurmağa hesablanıb.
Otuz il ərzində Azərbaycanın işğala məruz qaldığı, terrordan əziyyət çəkdiyi və əhalisinin məcburi köçkünə çevrildiyi zaman bu şəxslərin nədənsə səsi çıxmadı. İndi isə özlərini daha çox erməni və ya erməni təəssübkeşi kimi göstərərək proseslərdə dominant mövqe tutmağa çalışırlar. Bununla yanaşı, Azərbaycanın etibarlı və humanist tərəfdaş olmasına baxmayaraq, münasibətlərə xəyanətkar rənglər qataraq Ermənistan üzərindən regiona nüfuz etmək və danışıqlarda təzyiq rıçaqlarına yiyələnmək istəyirlər.
“Adı “mülki” olan, özü isə Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlarından formalaşdırılan missiyanın bölgəyə gəlməsi və birtərəfli fəaliyyət göstərməsi bunun ən bariz nümunəsidir.
Eyni zamanda, Fransa başda olmaqla bəzi dairələrin və ölkələrin Ermənistanı birtərəfli şəkildə silahlandırması, revanşizmi təşviq etməsi bir daha onu deməyə əsas verir ki, Avropanın əsas məqsədi heç də demokratiya və humanizm yox, marginal siyasi və iqtisadi ambisiyalara söykənib.
Sərhəd məsələsində töhfəyə yönələcək bir fəaliyyəti üzərinə götürmüş mülki missiya, əslində, Avropa ölkələrinin kəşfiyyat bürosuna çevrilib. Binokl diplomatiyası həyata keçirən missiya baş verən təxribatlar barədə heç bir real bəyanat verməyib. Əksinə, Ermənistanın silahlandırılması faktlarını və təxribatlarını görməzdən vurur”, - deyə politoloq vurğulayıb.
Amid Əliyev bildirib ki, indiki məqamda hər iki ölkə arasında sərhədlərin müəyyən edilməsi və anklavların qaytarılması gündəlikdə olduğu halda missiyanın bu prosesdən kənarda qalması Avropanı narahat edən ən vacib məqamlardan biridir. Azərbaycan rəsmi şəkildə dəfələrlə bildirib ki, bu məsələ hər iki ölkə arasında həllini tapmalıdır. Üçüncü dövlətin və ya dövlətlərin vasitəçi qismində proseslərə qoşulması heç vaxt istənilən müsbət nəticəni verməyəcək. Artıq 7 görüş keçirən dövlətlərarası komissiya bu işin öhdəsindən layiqincə gəlir.
Görünən odur ki, “qoca qitə”nin bir sıra dövlətləri Şimaldakı müharibə fonunda regional gücün Qafqazdan çıxmasını, Azərbaycana qarşı real olaraq təzyiq vasitələrini, sonda Ermənistan üzərində siyasi nəzarəti tam şəkildə ələ keçirmək üçün bu məkrli siyasəti hələ bir müddət davam etdirəcəklər. İndiyə qədər sözdə Ermənistana yeni təhlükəsizlik çətiri verən Avropa apreldə bunu rəsmiləşdirməyə və Ermənistanı “mümkün təhlükələr”dən “sığortalamağ”a çalışacaq. Lakin bir fakt ortadadır ki, Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək. Ermənistan siyasi hakimiyyəti və cəmiyyəti bu faktı diqqətdə saxlamalıdır. Ən azı ondan əvvəl bu yolu seçmiş ölkələrin tarixinə qısa nəzər salsa, kifayətdir.

Siyasət 2024-03-28 11:39:00