×
A
A
A
Sazlamalar

Bu il Şəkidə 277 fermer tütün əkəcək

Şəki, 27 mart, Mustafa Dadaşov, AZƏRTAC

Cari təsərrüfat ilində Şəki rayonunda 1500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin ötən illə müqayisədə 30 hektardan çox artırılması nəzərdə tutulur. Şəkili fermerlər builki mövsümdə 1000 hektar sahədə “Virciniya botaniki”, 500 hektarda isə digər növ tütün yetişdirəcəklər. Hazırda təsərrüfatlarda tütün əkininə hazırlıq işləri davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar “Azərtütün” ASC, “Şəki Tobacco” MMC, “Göynük Tobacco” MMC və digər müəssisələr tərəfindən indiyədək 277 fermerlə müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 1474,3 hektar təşkil edir. Bundan əlavə, torpaq mülkiyyətçiləri tərəfindən fərdi şəkildə 30 hektaradək sahədə tütün əkilməsi proqnozlaşdırılır. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 45 min kvadratmetr sahədə sadə istixanalar hazırlanaraq toxum səpilib. Hazırda istixanalarda alaqlara qarşı mübarizə tədbirləri aparılır. Şitillərin aprelin axırında sahələrə köçürülməsi nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1467,1 hektar sahədən 4137 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 535 ton artıb.

Regionlar 2024-03-27 12:56:00