×
A
A
A
Sazlamalar

Yapon yeni dollara nisbətdə minimum səviyyəyə düşüb

Bakı, 27 mart, AZƏRTAC

Çərşənbə günü yapon yeni dollara nisbətdə son 34 ildə ən aşağı səviyyəyə düşüb. Belə ki, hazırda 1 ABŞ dolları 151,97 yenə bərabərdir.
AZƏRTAC CNBS telekanalına istinadla xəbər verir ki, yapon yeni ötən ilin oktyabrında qeydə alınan minimum səviyyə antirekordunu (151,95) təzələyib.
Bu gün avronun dollara nisbətdə kursu bir gün əvvəlki səviyyədə qalıb (1,0830 dollar = 1 avro). Dolların indeksi ( ABŞ-ın ticari tərəfdaşları olan altı ölkənin valyutaları səbəti) 0,11 faiz – 104,35 punkta qədər qalxıb.
Bundan əvvəl Yaponiya Bankının İdarə Heyətinin üzvü Naoki Tamura ifrat dərəcədə yumşaq pul siyasətinin tədrici, amma davamlı başa çatmasının zəruriliyini vurğulayıb. Bu bank ötən həftə keçirilən mart iclaslarının yekununa dair ilk dəfə uçot dərəcələrini mənfi 0,1 faizdən 0-0,1 faizə qədər artırıb.
CNBS telekanalı qeyd edib: “Yaponiya məmurları milli valyuta ilə bağlı kəskin bəyanatlar verirlər, maliyyə naziri Syuniçi Sudzuki isə bəyan edib ki, ölkədə dağınıq valyuta hərəkətlərinə qarşı müxtəlif addımların atılacağı istisna edilmir”.

Dünya 2024-03-27 12:52:00