×
A
A
A
Sazlamalar

Türkiyəli qonaq: Şəkinin daş döşənən küçələri və tarixi abidələri çox xoşumuza gəldi

Şəki, 24 mart, Mustafa Dadaşov, AZƏRTAC

“Qardaş ölkə olan Azərbaycanda ilk dəfədir oluram. Anamla birlikdə gəlmişəm. Bir neçə gün Bakıda qaldıq və şəhəri gəzdik. Şəkini mütləq görmək istədik. Çünki bilirik ki, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəkinin şəbəkə kimi gözəl el sənəti var. Eyni zamanda, Şəki mətbəxini, xüsusilə pitisini və halvasını da dadmaq istədik”.
Bu sözləri türkiyəli qonaq, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ahmet Panayır AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.
Qonaq Şəkini gəzməkdən məmnun qaldığını vurğulayıb: “Şəhərin qədim görünüşü, daş döşənən küçələri, məhəllələri, tarixi abidələri, təbiəti, şəhəri əhatələyən uca dağlar, bir sözlə, gördüyümüz hər bir şey çox xoşumuza gəldi. Şəkidə sənətkarlıq da yüksək səviyyədə inkişaf edib. Şəhərdəki qədim abidələrin, yaşayış evlərinin bərpası çox yaxşı haldır. Bu şəhəri çox bəyəndik. Şəkidə ilk dəfə olmağımıza baxmayaraq, bu şəhərdən çox zəngin təəssüratla ayrılırıq. Səfərimizin planına Qəbələ şəhəri ilə tanışlıq da daxildir. İstəyirik ki, oranı da görək və sonra ölkəmizə qayıdaq”.

Regionlar 2024-03-24 15:35:00