×
A
A
A
Sazlamalar

Zalsburq Azərbaycan Evində Novruz bayramı münasibətilə tədbir təşkil olunub

Vyana, 18 mart, AZƏRTAC

Avstriya Azərbaycanlıları Cəmiyyəti Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Bir olaq, həmrəy olaq” adlı Novruz şənliyi keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə Vətən müharibəsində canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov tədbir iştirakçılarını Bahar bayramı münasibətilə təbrik edib. O, Novruz bayramının ən qədim bayramlardan biri olduğunu diqqətə çatdıraraq bildirib ki, xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla, həm də bütün dünyada yaşayan azərbaycanlıların yeni ilidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirlərinə istinad edən F.Əzizov dövlətimizin başçısının əlli milyondan çox azərbaycanlının lideri olduğunu və bu gün dünyanın dörd bir yanında yaşayan azərbaycanlıların yumruq kimi bir olub Vətənimizin təəssübünü çəkməli olduğunu vurğulayıb. Bildirilib ki, bu gün bizim üçün bir Azərbaycan var o da vahid və qüdrətli Azərbaycandır.
Sonra qonaqlardan Zalsburq şəhəri bələdiyyə nümayəndəsi Tarık Mete bu tədbirin önəmindən, birlik və bərabərliyin xüsusi vacibliyindən söz açıb. O, qüdrətli Azərbaycanın bu gün regionda söz sahibi olmasından danışıb və Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evinin birlik və bərabərlik naminə vacib fəaliyyətini qeyd edib.
Sloveniya Azərbaycan Türk Mədəniyyətlər Assosiasiyasının rəhbəri Taleh Qurbanov Novruz bayramının önəmindən, bu bayramda xalqımızın adət-ənənələrindən söz açıb. O, göstərilən xüsusi qonaqpərvərlik və bayram əhvali-ruhiyyəsi üçün dərin minnətdarlığını bildirib.
Daha sonra Avstriyada fəaliyyət göstərən Cənubi Azərbaycan icmasının rəhbəri Fərzad Səyyadzadə çıxış edib və bildirib ki, Azərbaycanın hər tərəfi soydaşlarımız üçün əzizdir. Cənubi azərbaycanlı soydaşlarımızın Novruz adət-ənənələri və Vətən həsrətindən bəhs edən F.Səyyadzadə Qarabağın işğaldan azad olunmasının Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və vahidliyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra tədbir iştirakçılarına Novruz təamları təqdim olunub və mərasim Azərbaycanlı musiqiçilərin çıxışları ilə davam edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana 

Diaspor 2024-03-18 12:50:00