×
A
A
A
Sazlamalar

Salyanda “Caz rəsmlərdə” sərgisi açılıb

Salyan, 17 mart, AZƏRTAC

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan Dövlət Rəsm Qalereyasında “Caz rəsmlərdə” yaradıcılıq sərgisinin açılışı olub.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sərgi görkəmli Azərbaycan bəstəkarı və cazmeni Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.
Sərginin açılış mərasimində çıxış edən Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında danışıb. İdarə rəisi qeyd edib ki, caz-muğam üslubunu yaradan Vaqif Mustafazadə dünya cazına Azərbaycan caz elementləri əlavə edib. Bu gün Azərbaycan cazı dünyanın dörd tərəfində səslənir.
Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov çıxışında bildirib ki, sərgidə Vaqif Mustafazadə ilə yanaşı, Frank Sinatra, Nina Simone, Çarlz Lloyd kimi görkəmli cazmenlərin portretləri yer alıb.
Mərasimdə çıxış edən rəssam İman Mustafayev vurğulayıb ki, regionlarda bu cür yaradıcı sərgilərin təşkil olunması tamaşaçı zövqünü oxşayır.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
“Caz rəsmlərdə” yaradıcılıq sərgisində 7 peşəkar, 11 yeniyetmə və uşaq olmaqla 18 rəssamın ümumilikdə 34 əsəri nümayiş olunur. Əsərlər əsasən portret, veduta və peyzaj janrındadır. Sərgidə Aynur Abbasovanın “Əzizə ilə görüş”, “Naməlum saksofonçu”, “Frank Sinatra”, “Nina Simone”, Coşqun Məmmədovun “Bakı gecələrinə qarışıram”, “Axşam radiosu”, “Şahin Növrəsli”, Türkan Axundovanın “Çarlz Lloyd”, İlham İsayevin “Mənim gördüyüm yuxu”, İnqilab Abdullayevin “İçərişəhərə improvizasiya”, Ayla Mahmudovanın “Caz, mən səni sevirəm”, Xəyal Abdullayevin “Vaqifin portreti” və digər rəsm əsərləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Sərgidə Salyan Rayon Mədəniyyət Mərkəzinin Həsənağa Sadıqov adına “Mahirlər” xalq ailə ansamblının üzvləri - cazmenlər Elşən və Elçin Sadıqovlar və Ruslan Qurbanov müxtəlif caz kompozisiyaları ifa ediblər.
Yaradıcılıq sərgisi martın 30-dək davam edəcək.

Regionlar 2024-03-17 14:16:00