×
A
A
A
Sazlamalar

Şamaxıda bayram tonqalı qalanıb FOTO

Şamaxı, 16 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Xalqımızın ən əziz bayramı Novruzun gəlişi Şamaxıda yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Bayram münasibətilə Şamaxı şəhəri Novruz atributları ilə bəzədilib, rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş tədbir təşkil olunub.
Tədbirdə rayon icra hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, təbiətin oyanışını bildirən səməni və digər Novruz atributları ilə bəzədilən parkda tədbir iştirakçılarına xalqımıza məxsus qədim məişət əşyaları və sənət nümunələri, eləcə də məktəb şagirdlərinin əl işlərindən ibarət sərgilər nümayiş olunub. Bayram tədbirində iştirakçılara müxtəlif çeşidli milli yemək növləri və şirniyyatlar təqdim edilib. Corab toxuyan, yun darayan, cəhrə əyirən, nehrə çalxalayan, sac üzərində yuxa bişirən milli geyimli xanımlar qədim el sənətlərini bir daha yada salıblar.
Bayram tədbirində kəndirbazların və pəhləvanların çıxışları, rayon idmançılarının nümayiş etdirdikləri nümunəvi idman hərəkətləri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Ənənəyə uyğun olaraq Novruz tonqalı qalanıb. Daha sonra bayram şənliyində xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb.

Regionlar 2024-03-16 20:44:00