×
A
A
A
Sazlamalar

Naxçıvanda bir gündə 100 min ağac əkildi

Naxçıvan, 16 mart, AZƏRTAC

Martın 16-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş geniş ağacəkmə aksiyası təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Bir günə 100 min ağacın əkilməsi” şüarı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yeni yaşıllıqlar salınıb, ərazilərə, ümumilikdə, 100 min ədəd müxtəlif meşə və meyvə tingi əkilib.
Aksiyalarda dövlət və hökumət nümayəndələri, özəl təşkilatların kollektivləri, “Ekologiya” və “Yaşıl dünya” könüllüləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.
Babək rayonunun Vayxır kəndi ərazisində, Naxçıvan-Şahbuz magistral avtomobil yolunun sağ kənarında keçirilən aksiya zamanı könüllülərin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fləşmob da təşkil edilib. Gənclər yeni salınan bağda “Naxçıvan 100 il” yazısını nümayiş etdiriblər.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində il ərzində ölkəmizin bütün ərazilərində ümumilikdə 5 milyon ağacın əkilməsi nəzərdə tutulub. Həmçinin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı hazırlanmış tədbirlər planında muxtar respublika ərazisində bu il ağacəkmə aksiyalarının keçirilməsi öz əksini tapıb. Bu istiqamətdə bu gün akasiyalar Naxçıvan şəhərinin bir çox ərazilərində və muxtar respublikanın bütün rayonlarında davam etdirilib. Aksiya iştirakçılarının səyi nəticəsində onlarla yeni meyvə bağı salınıb, minlərlə müxtəlif meşə və meyvə, o cümlədən zeytun ağacları əkilib.

Regionlar 2024-03-16 16:18:00