×
A
A
A
Sazlamalar

Laçın məktəblilərinin Novruz sevinci VİDEO

Laçın, 16 mart, AZƏRTAC

İşğaldan azad olunan digər ərazilər kimi, Laçın şəhərində də həyat öz axarına qayıdır. Laçın sakinləri illər sonra Novruzu doğma yurdlarında qarşılayırlar. Baharın gəlişinə ən çox sevinənlər isə Laçının balaca fidanlarıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhər 2 nömrəli tam orta məktəbdə Novruzun gəlişi qeyd olunub. Bayram şənliyində məktəb kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayıl iştirak ediblər.
Məktəblilər milli geyimlər geyinib, Keçəl və Kosa obrazını canlandırıblar. Həmçinin açılan bayram süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.
Şagirdlərə Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib. Təkcə Novruzun deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq illər öncə Laçında necə keçirildiyi barədə danışılıb.
Daha sonra məktəb həyətində təhlükəsizlik qaydalarına riayət olunmaqla, tonqal alovlandırılıb, şagirdlər yallı gedib, tonqal üstündən tullanıblar.
Qeyd edək ki, hazırda Laçın şəhər məktəbində 100-dən çox şagird təhsil alır.

Regionlar 2024-03-16 14:25:00

Video