×
A
A
A
Sazlamalar

Naxçıvan Aqrar Xidmətlər Mərkəzi “TexnazApp” avtomatlaşdırılmış informasiya sisteminə qoşulub

Naxçıvan, 13 mart, AZƏRTAC

Ötən il Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində islahatlar aparılıb, nazirliyin strukturu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna uyğunlaşdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aparılan islahatlar çərçivəsində Naxçıvan Aqrar Xidmətlər Mərkəzi yaradılıb. Mərkəz muxtar respublikada müvafiq xidmətlərlə yanaşı, kənd təsərrüfatı texnikalarının dövlət qeydiyyatı, texniki baxış, o cümlədən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələrinin verilməsi ilə bağlı fəaliyyəti də tənzimləyir.
Artıq sözügedən fəaliyyətlərin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb. Belə ki, Mərkəz Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi əsasında Aqrar Xidmətlər Agentliyinin istifadə etdiyi “TexnazApp” daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sisteminə qoşulub. Həmçinin lazımi kompüter və texniki avadanlıqlarla təchiz edilib. Hazırda mərkəzin bir sıra xüsusi məhsullarla təmin olunması üçün işlər aparılır. Bunlar yekunlaşdırıldıqdan sonra həmin xidmətlərin həyata keçirilməsinə başlanılacaq.

Regionlar 2024-03-13 19:52:00