×
A
A
A
Sazlamalar

ABŞ sərhəd mühafizəsi yüksək hazırlıq vəziyyətinə gətirilib

Bakı, 13 mart, AZƏRTAC

Fövqəladə vəziyyətin tətbiq olunduğu Haitidən mümkün miqrant axını ilə əlaqədar ABŞ-ın Mayami şəhərindəki sərhəd mühafizəsi yüksək hazırlıq vəziyyətində gətirilib.
AZƏRTAC xəbər verir ki, “New York Post” qəzetinin əlinə keçən sənəddə Haitidəki qeyri-sabit vəziyyətə görə qayıqla ABŞ sahillərinə keçməyə çalışan qanunsuz mühacirləri geri qaytarmaq ehtimalının az olduğu qeyd edilib.
“Sahil Mühafizə Xidməti Haitidən gələn gəmiləri dayandırmaya bilər. Qanunsuz mühacirlərin kütləvi şəkildə ABŞ-a keçməsi bölgədə təhlükəsizliyi zəiflədəcək”, - deyə sənəddə bildirilir.
Qeyd edək ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizin qətlə yetirilməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra pisləşib.
Jovenel Moizin sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyəti ələ keçirən Baş nazir Ariel Anri əvvəlcə təhlükəsizliyin bərpasını bəhanə edərək seçkiləri təxirə salıb. Onun Karib hövzəsi liderləri ilə görüşündə yalnız 2025-ci ilin ortalarında seçki keçirilməsinə razılıq verməsi ölkədə iğtişaşların başlamasına səbəb olub. Silahlı dəstlərə başçılıq edən sabiq polis zabiti Cimmi Şerizye Baş naziri istefa çağırıb və əks-təqdirdə hökuməti vətəndaş müharibəsi ilə hədələyib.
Martın 3-də silahlı dəstələrlə hüquq-mühafizə orqanları arasında qarşıdurma səbəbindən Haitinin Qərb departamentində və paytaxt Port-o-Prinsdə fövqəladə vəziyyət rejimi və komendant saatı tətbiq edilib. Martın 11-də Ariel Anri ölkədə həftələrdir artan təzyiq və davam edən zorakılıqlardan sonra istefa verməyə razılaşıb.
BMT-nin məlumatlarına görə, son günlər təxminən 15 min haitili məcburi köçkün vəziyyətinə düşüb.

 

 

Dünya 2024-03-13 12:33:00