×
A
A
A
Sazlamalar

“Şəhidlər rəssamların əsərlərində” layihəsi çərçivəsində “Vətən eşqim” sərgisi açılıb

Sumqayıt, 13 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Əli Kərim adına Poeziya Evində Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Gülnarə Məmmədlinin “Vətən eşqim” adlı sərgi-tədbir keçirilib. Rəssamın 20-yə yaxın əsərinin nümayiş olunduğu sərgidə rəssamın vətənpərvərlik mövzusunda əsərləri və şəhidlərimizin portretləri sərgilənib.
Qalereyanın müdiri Ellada Həsənova AZƏRTAC-a bildirib ki, tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin təmsilçisi, Azərbaycan Rəsm Komitəsinin rəhbəri, peşəkar rəssam Nəvai Mətin, ictimai təşkilatların rəhbərləri, şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Poeziya Evinin və “Mirvarid Dilbazi Poeziya Məclisi”nin təşkilatçılığı ilə “Şəhidlər rəssamların əsərlərində” layihəsi çərçivəsində reallaşan sərgi-tədbir müasir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sərgi ilə tanışlıqdan sonra tədbirin əhəmiyyətindən, dövlətin şəhid ailələrinə qayğısından danışılıb, şəhid anaların maraqlı xatirələri dinlənilib.
Sonda rəssam Gülnarə Məmmədli təşkilatçılara və dəstək göstərənlərə öz təşəkkürünü bildirib, şəhid analarına igid oğullarının portretlərini təqdim edib.

 

 

Regionlar 2024-03-13 12:17:00