×
A
A
A
Sazlamalar

ABŞ-ın büdcə kəsiri fevral ayında 12,9 faiz artıb

Bakı, 13 mart, AZƏRTAC

ABŞ-ın büdcə kəsiri fevral ayında 296,275 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə (262,434 milyard dollar) 12,9 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölkənin büdcə gəlirləri fevralda bir il əvvəlki 262,114 milyard dollarla müqayisədə 3,4 faiz artaraq 271,126 milyard dollara, xərcləri isə 8,2 faiz artaraq 524,548 milyard dollardan 567,401 milyard dollara yüksəlib.
Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin beş ayı ərzində ABŞ-ın büdcə kəsiri 14,6 faiz artaraq 828,135 milyard dollara, büdcə gəlirlərinin həcmi isə 7 faiz artaraq 1,856 trilyon dollara çatıb.
Cari maliyyə ilinin əvvəlindən bəri büdcə xərcləri 9,2 faiz artaraq 2,684 trilyon dollar təşkil edib. Bu, müdafiə xərclərinin və strateji neft ehtiyatının artımı ilə izah edilir. Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması səbəbindən dövlət borcu üzrə faiz ödənişləri əvvəlki maliyyə ilinin beş ayı ilə müqayisədə 127 milyard dollar çox olub.
Qeyd edək ki, sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ilində ABŞ büdcəsinin mənfi saldosu 23 faiz artaraq 1,7 trilyon dolları ötüb.

 

 

Dünya 2024-03-13 12:02:00