×
A
A
A
Sazlamalar

Macarıstanla ABŞ arasında diplomatik qalmaqal baş verib

Bakı, 13 mart, AZƏRTAC

Macarıstan Xarici İşlər Nazirliyi çərşənbə axşamı ABŞ-n bu ölkədəki səfiri David Pressmanı Prezident Co Baydenin Baş nazir Viktor Orban haqqında söylədiyi sözlərlə bağlı XİN-ə çağırıb. ABŞ lideri iddia edib ki, Macarıstan hökumətinin başçısı Donald Trampla görüş əsnasında guya öz ölkəsini “diktatura rejimi” ilə idarə etmək istədiyini söyləyib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto bununla bağlı bildirib ki, onun müavini Levent Maqyar ABŞ səfiri ilə söhbətində Baydenin bu sözlərinin yalan olduğunu bildirib. O əlavə edib: “Biz səfirdən sitatı və Baş nazirin belə bir bəyanat verdiyi iddia edilən vaxt və məkanı təqdim etməyi xahiş etdik. Macarıstan heç kimin yalanını qəbul etməyə borclu deyil, hətta həmin şəxs Birləşmiş Ştatların Prezidenti olsa belə”, -deyə P.Siyarto vurğulayıb.
Cümə günü ABŞ-ın Pensilvaniya ştatında prezident seçkiləri kampaniyası zamanı Co Bayden bildirmişdi ki, Viktor Orban “demokratiyanın işə yaradığını düşünmədiyini və diktatura axtarışında olduğunu” söyləyib.
Qeyd edək ki, Viktor Orban 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın namizədliyini açıq şəkildə dəstəkləyən ilk Avropa lideridir.

 

Dünya 2024-03-13 10:50:00