×
A
A
A
Sazlamalar

Araşdırma: Bəzi xəstəliklərin dərmanı sevgidir

Bakı, 13 mart, AZƏRTAC

Sevgi dərin mənası olan bir duyğudur. Mütəxəssislərə görə, sevgi qan təzyiqini və xolesterini aşağı salır, həmçinin ömrü uzadır. Digər tərəfdən, infarkt riskini azaldaraq immuniteti gücləndirdiyi də bildirilir.
AZƏRTAC Niderlandın Maastrixt Universiteti tərəfindən nəşr olunmuş maraqlı araşdırmanı təqdim edir.
Araşdırma zamanı sevgi hormonunun (oksitosinin) nevroloji xəstəliklərə, həmçinin Altsheymer xəstəsi olan insanlarda yaddaşa müsbət təsir göstərdiyi məlum olub. Oksitosin beyində “kimyəvi xəbərçi” rolunu oynayır. Bəzi araşdırmalar oksitosin hormonunun davranışa təsir etdiyini göstərib. Buraya ananın davranışı, ailədaxili münasibət, sosial tanınma və narahatlıq daxildir.
Sağlam fərdlərin və Altsheymer xəstəliyi olan şəxslərin epigenetik kodunu müqayisə edən alimlər OXT genində epigenetik fərqlər aşkar ediblər. Mövzu ilə bağlı başqa bir araşdırma koqnitiv cəhətdən sağlam olan yaşlı insanlarda OXT genindəki epigenetik dəyişikliklərin də Altsheymer xəstəliyinin xəbərçisi ola biləcəyini göstərib. Başqa sözlə, OXT genindəki epigenetik dəyişikliklərin Altsheymer xəstələrində oksitosin istehsalını azalda biləcəyi ifadə edilib. Niderlanddan olan tədqiqatçılar Altsheymer problemi olan siçanlara oksitosin verdikdə, onların yaddaşının bir neçə həftə ərzində yaxşılaşdığını görüblər. Bununla belə, oksitosinin bu xəstəliyi müalicə edə biləcəyini söyləmək hələ tezdir. Ancaq gələcəkdə bu, mümkün ola bilər.

Dünya 2024-03-13 08:11:00