×
A
A
A
Sazlamalar

Muxtar respublikanın su anbarlarında 113 milyon kubmetrdən çox su ehtiyatı var

Naxçıvan, 13 mart, AZƏRTAC

Muxtar respublikanın su anbarlarında fevral ayının sonuna 113,42 milyon kubmetr su ehtiyatı toplanılıb.
Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ay ərzində “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması” layihəsi əsasında Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilib. Ərazidə 47 evin içməli su xəttinə, 141 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin inşası davam etdirilib.
Suvarma mövsümünə hazırlıqla əlaqədar fevral ayı ərzində kollektorlarda, kanal və arxlarda lildən təmizlənmə tədbirləri görülüb, nasos stansiyalarında və digər hidrotexniki qurğularda təmir işləri davam etdirilib, su anbarlarına suyun yığılması həyata keçirilib.

 

Regionlar 2024-03-13 02:08:00