×
A
A
A
Sazlamalar

Deputat: Azərbaycan və Qazaxıstan qlobal və regional layihələrin reallaşmasında önəmli rol oynayır

Bakı, 12 mart, AZƏRTAC

“Azərbaycan və qazax xalqları arasında münasibətlər yüksək səviyyədədir. Bu gün Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri də əlaqələrimizin yüksək səviyyəsinin təzahürüdür”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. Bu baxımdan, Qazaxıstan Prezidentinin ölkəmizə budəfəki rəsmi səfəri də iki qardaş dövlət arasında müttəfiqlik münasibətlərini daha da gücləndirəcək.
Onun sözlərinə görə, martın 11-də dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının birinci iclasının keçirilməsini tarixi hadisə hesab etmək olar. Çünki bu iclas əlaqələrimizin gələcək inkişafı baxımından mühüm müzakirə platforması oldu. Eyni zamanda, Qazaxıstan rəsmi olaraq COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı dəstəyini ifadə etdi. Bütövlükdə, Türk dünyasının ümumi maraqları Azərbaycan və Qazaxıstanı ortaq məxrəcə gətirən ən mühüm amillərdən biri qismində çıxış edir. Dost Qazaxıstan qısa müddətdə nüfuzlu beynəlxalq təşkilata çevrilən TDT-nin əsasını qoyan ölkələrdən biridir. Qazaxıstan Mərkəzi Asiyada böyük coğrafiyaya malikdir. Zəngin təbii resurslara və əmək ehtiyatlarına malik olan bu ölkə TDT-nin institusional qurum kimi möhkəmlənməsinə, funksionallığının artmasına, regional və qlobal proseslərə təsir imkanlarının genişlənməsinə davamlı töhfələr verir. Qazaxıstan TDT-də birləşən bütün ölkələrlə xoş mərama əsaslanan dinamik siyasi-iqtisadi münasibətlər qurub. Bu ölkənin rəsmiləri TDT-nin qərarlarının icrasının yüksək səviyyədə təmin olunmasına davamlı səylər göstərirlər. Son vaxtlarda türk dövlətləri arasında keyfiyyətcə yeni əməkdaşlıq münasibətlərinin qurulmasının şahidi oluruq. Xəzər-Qara dəniz hövzələri regionunda geniş coğrafiyada yerləşən türk dövlətləri arasında birliyin möhkəmlənməsində Azərbaycan da xüsusi rol oynayır. Prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, beynəlxalq strukturlarda, ilk növbədə BMT və TDT-də birgə fəaliyyət müzakirə olunub: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.
Pərvin Kərimzadə qeyd edib ki, iki ölkə mühüm qlobal və regional layihələrin reallaşmasında da önəmli rol oynayır. Bu baxımdan, Orta Dəhliz layihəsi xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarı Transxəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi, onun özlüyündə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir. Çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil.
Eyni zamanda, Qazaxıstan xalqı Vətən müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. İşğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi dostluğumuzun daha bir nümunəsidir. Hər iki dövlət başçısı martın 12-də bu Mərkəzin açılışında iştirak etdi. Həmçinin, Qazaxıstan Prezidentinin qədim Şuşa şəhərinə də səfər etməsi çox qürurvericidir.
“Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimizin, bütün Türk dünyasının maraqlarına uyğundur. Çünki bütövlükdə Türk dünyasının güclənməsi prosesi gedir ki, burada ölkələrimizin arasında əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mühüm amildir. Qazaxıstan Prezidentinin rəsmi səfəri zamanı imzalanan sənədlər isə münasibətlərimizi gələcəkdə daha da gücləndirəcək”,- deyə Pərvin Kərimzadə vurğulayıb.

Siyasət 2024-03-12 23:42:00