×
A
A
A
Sazlamalar

Muxtar respublikada STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib

Naxçıvan, 12 mart, AZƏRTAC

Martın 12-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün müsabiqə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqədə Təhsil Nazirliyinin STEAM təhsil metodu ilə bağlı təşkil etdiyi təlimləri başa vurmuş 80-ə yaxın namizəd iştirak edib. Namizədlərin STEAM fəlsəfəsi, arduino, mikrobit, 3D printer və tinckerCad mövzuları ilə bağlı biliklərinin yoxlanılması məqsədilə hər bölməni əhatə edəcək şəkildə, ümumilikdə 30 test tapşırığı təqdim olunub və tapşırığın yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb. Hər düzgün cavab bir balla qiymətləndirilib, səhv cavablar düzgün cavablara təsir etməyib.
Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb və nəticə binanı tərk etmədən namizədə elan olunub.
Məlumat üçün bildirək ki, test tapşırıqlarının 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsinə buraxılacaqlar və bu mərhələdə keçid balını toplamış hər bir namizəd üçün 2 il qüvvədə olan STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən sertifikat təqdim olunacaq.

 

Regionlar 2024-03-12 20:07:00