×
A
A
A
Sazlamalar

Adil Əliyev: Füzulidəki Yaradıcılıq Mərkəzi Azərbaycan-Qazaxıstan münasibətlərinin simvoludur

Bakı, 12 mart, AZƏRTAC

Bu gün Azərbaycanın əsas məqsədlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində quruma üzv ölkələrlə ikitərəfli və çoxtərəfli sıx münasibətlər qurmaq, qarşılıqlı fəaliyyət göstərərək dövlətlərimizin güclənməsidir. Xüsusilə Azərbaycan-Qazaxıstan münasibətləri bu gün ən parlaq dövrünü yaşayır, iki qardaş xalqın ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olması ilə bərabər, əməkdaşlıq da ən yüksək səviyyədədir. Məhz iki qardaş ölkə istər ikitərəfli, istərsə də beynəlxalq aləmdə bir-birinə böyük dəstək nümayiş etdirir. Türk Dövlətləri Təşkilatında, eləcə də digər beynəlxalq qurumlarda hər iki ölkənin bir-birinə dəstəyi qarşılıqlı mənafelərə uyğundur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ölkələrimiz arasındakı dostluq münasibətləri prezidentlər İlham Əliyevin və Kasım-Jomart Tokayevin səyləri nəticəsində daha da dərinləşib. Məhz dövlət başçılarının qarşılıqlı çoxsaylı səfərləri iqtisadi, ticari və siyasi münasibətlərimizə geniş töhfə verməkdədir. Prezident İlham Əliyevin ilyarım ərzində qardaş ölkəyə 4 səfəri, eləcə də Qazaxıstan Prezidentinin çoxsaylı səfərləri ölkələrimizin münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən amildir.
“Bu gün Qazaxıstanla bir çox sahələrdə qarşılıqlı əlaqələr hər iki ölkənin mənafeyinə uyğundur. Məhz Trans-Xəzər marşrutunun işə salınması ölkəmizin tranzit əlaqələrinə mühüm töhfə verməklə yanaşı, həm də rəsmi Bakının vacib aktor olduğunu göstərir. Qeyd etməliyəm ki, Azərbaycan bu gün tranzit yükdaşımalara ev sahibliyi edir, ölkəmiz Şərqdən-Qərbə ticarət dövriyyəsinin əsas halqası hesab olunur. Bu, təkcə iqtisadi sahədə deyil, həmçinin bir çox digər istiqamətlərdə Azərbaycanın strateji önəmini dünyaya nümayiş etdirir.
Təbii ki, tranzit əlaqələrdə qardaş Qazaxıstanın rolu da olduqca vacibdir. Bütün məsələlərdə ölkəmizlə həmrəylik nümayiş etdirən və strateji tərəfdaşımız olan Qazaxıstan Azərbaycan üçün mühüm tərəfdaşdır”, - deyə Milli Məclis sədrinin müavini qeyd edib.
Diqqətə çatdırılıb ki, Qazaxıstanın Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi həm də dövlətlərimiz arasındakı dostluğun, qardaşlığın əsas rəmzlərindən birinə çevriləcək. Martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi olduqca mühüm tarixi hadisədir. Səfər zamanı imzalanmış sənədlər bir çox sahələrdə əməkdaşlığımızın inkişafına xüsusi töhfə verəcəkdir. Mətbuata birgə açıqlamalar zamanı qarşılıqlı münasibətlərə verilən dəyər bir daha özünü göstərdi.
“Qardaş ölkənin hər zaman ərazi bütövlüyümüzü dəstəkləməsi və münaqişənin dinc yolla nizama salınması ilə bağlı verdiyi ciddi mesajlar olduqca mühümdür. Qeyd etməliyəm ki, Azərbaycan tarixinin ən böyük hadisələrindən biri olan tarixi torpaqlarımızın düşməndən azad edilməsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsində ölkəmizin Zəfəri həm də Azərbaycanın dostlarının qələbəsi idi”, - deyən Adil Əliyev əlavə edib ki, məhz 30 ilə yaxın müddət ərzində məcburi köçkün kimi yaşamış vətəndaşlarımız artıq öz dədə-baba yurdlarına geri dönürlər. Bu gün Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmələri, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olduqca əlamətdar hadisələrdir. Qazaxıstan tərəfindən tikilərək xalqımıza hədiyyə olunmuş Mərkəzi Azərbaycan xalqı da yüksək qiymətləndirir, dövlətimizin və xalqlarımızın arasındakı dostluğun simvolu hesab edir.
Milli Məclis sədrinin müavini, həmçinin vurğulayıb ki, Azərbaycanla Qazaxıstanın qanunverici orqanlarında parlamentlərarası işçi qrupları fəaliyyət göstərir. Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupu tərkibində ən çox üzv olan işçi qruplardan biridir. Qarşılıqlı təcrübənin öyrənilməsi, parlamentlərarası əməkdaşlıq mənafelərimizə uyğun olmaqla bərabər, hər iki dövlətin dostluğuna da xüsusi töhfə verir.

Siyasət 2024-03-12 19:01:00