×
A
A
A
Sazlamalar

Qarşılıqlı səfərlər, imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərini daha da gücləndirəcək ŞƏRH

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycanla Qazaxıstan arasında əlaqələr uğurla inkişaf edir. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafına daha da təkan verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji xarakter daşıdığını qeyd edən deputat Qazaxıstan Prezidentinin hələ 2022-ci ilin avqustunda ölkəmizə səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandığını bildirib. Onun sözlərinə görə, həmin sənəd münasibətlərimizin xarakterini və formasını müəyyən edir.
“Azərbaycan və qazax xalqları arasında mövcud olan ortaqlıqlar, dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Strateji müttəfiqlik qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələrimizi məhz strateji xarakterli əməkdaşlığa yönləndirir. Dövlət başçılarının iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi tarixi hadisədir və böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin dediyi kimi, Qazaxıstan və Azərbaycan iki qardaş dövlətdir. Xalqlarımız əsrlər boyudur ki, sülh, qardaşlıq, əməkdaşlıq şəraitində yaşayır və beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Əlaqələrimizin inkişafı Qazaxıstan və Azərbaycanın müttəfiq dövlətlər olduğunu sübut etməklə yanaşı, yeni əməkdaşlıq imkanlarına yol açır”, - deyə S.Fətəliyeva vurğulayıb.

“Bu gün dünyada baş verən dərin proseslər bizə yeni münasibətlər qurmaq üçün tarixi imkanlar yaradır. Biz Türk Dövlətləri Təşkilatı müstəvisində də fəal əməkdaşlıq edirik. Türk dünyasında bu münasibətlər yeni dövrün dövlətlərarası qarşılıqlı münasibətlərinin nümunəsi olmalıdır. Mürəkkəb dövrlərdə güclü liderlər tələb olunur, öz ölkəsini daha güclü, dünyanı isə daha yaxşı etmək üçün məsuliyyət onların üzərinə düşür. Qazaxıstan Prezidenti bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqının rifahı və ümumbəşəri dəyərlər naminə ali məqsədlərə çatmaq üçün göstərdiyi fəaliyyəti, ərazi bütövlüyümüzün bərpası istiqamətindəki qətiyyətli mövqeyini xüsusi qeyd edib. Çox qürurvericidir ki, dövlət başçıları işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstan şirkəti tərəfindən inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu fakt qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Qarşılıqlı səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər münasibətlərimizi daha da gücləndirəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.
Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası sənədlərin imzalanmasının əhəmiyyətini qeyd edən deputatın sözlərinə görə, regionda yaranmış yeni reallıqlar çərçivəsində Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır və bu məsələdə də ölkələrimizin maraqları üst-üstə düşür.

Siyasət 2024-03-12 17:56:00