×
A
A
A
Sazlamalar

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Gürcüstanın müdafiə naziri ilə görüşüb

Tbilisi, 12 mart, AZƏRTAC

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov bu ölkənin müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın əhəmiyyətindən danışıblar.
Müdafiə naziri qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə bundan sonra da hazırdır.
Görüşdə müdafiə sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Gürcüstan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq illik plana uyğun olaraq intensiv şəkildə həyata keçirilir.
Söhbət zamanı, həmçinin Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətinə diqqət çəkilib.
İrakli Çikovani deyib ki, Gürcüstan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2024-03-12 17:52:00