×
A
A
A
Sazlamalar

Füzulidə məktəblilərin Yel çərşənbəsi sevinci

Füzuli, 12 mart, AZƏRTAC

İşğaldan azad olunan digər ərazilər kimi, Qarabağın dilbər guşəsi Füzuli şəhərində də həyat öz axarına qayıdır. Füzuli sakinləri illər sonra Yel çərşənbəsini doğma yurdlarında qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə qeyd edilən Yel çərşənbəsi maraqlı anlarla yadda qalıb.
Çərşənbələrin üçüncüsü olan Yel çərşənbəsində məktəblilər milli geyimlərdə adət-ənənələrimizi nümayiş etdiriblər. Şagirdlər Keçəl və Kosanı canlandırıblar. Açılan çərşənbə süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, müxtəlif oyunlar oynayıb, şən musiqi sədaları altında rəqs ediblər.
Məktəblilərə Yel çərşənbəsi barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, hazırda Füzuli şəhər məktəbində 450-yə yaxın şagird təhsil alır.

Regionlar 2024-03-12 17:24:00