×
A
A
A
Sazlamalar

“A Yel baba, Yel baba, qurban olum gəl baba” – Lənkəranda Yel çərşənbəsi VİDEO

Lənkəran, 12 mart, İsmayıl Cəfərli, AZƏRTAC

Bu gün Baharın müjdəçisi, Novruzun gəlişindən xəbər verən üçüncü çərşənbə - Yel çərşənbəsidir. El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi də tanınır. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır.
Folklorşünas Ağamir Cavad AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Əski etiqadlara görə torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel - qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü bu dörd yel birləşib dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

“Yel çərşənbəsi, eyni zamanda, tanrı adı ilə bağlıdır. “Külək çərşənbəsi” də deyirlər, yəni insanlara yol göstərən çərşənbə kimi qeyd olunur. Ona görə xalq arasında belə bir söz var: küləyə qarşı ağır söz demək olmaz. Çünki ağır söz dedinsə, o, sənə qayıdacaq, külək sənə qaytarır. Ona görə də dua etmək, xoş sözlər demək lazımdır ki, sənə qayıtsın, arzuların çin olsun. Yel çərşənbəsi xalq arasında Yel baba deyilən adət-ənənə kimi qeyd edilir. Bizim nağıllarımızda bir “A Yel baba, Yel baba, qurban olum gəl baba” inancı da var ki, orada Yel çərşənbəsini qarşılayırlar, tez gəlməsini arzulayırlar. Klassik ədəbiyyatımızda da xalq inanclarından bəhrələnib şeirlər yazılıb. Qazi Bürhanəddinin sözü var, “Ol yelü ol su, ol od, gilmi qədi bu təndə”. Bax, od, torpaq, hava, su – bütün canlı aləmi 4 ünsürün varlığı təşkil edir. Deyir ki, su, yel, od birləşir, sonradan torpaq cana gəlir”, - deyə folklorşünas əlavə edib.

Lənkəran sakini Salman Məmmədoğlu da Yel çərşənbəsinin insanlar tərəfindən qeyd olunmasından danışıb. Bildirib ki, hər bir çərşənbənin öz yeri, öz adət-ənənəsi var: “Əbəs yerə deyil ki, xalqımız bunlara ad verib - Od, Torpaq, Su və Yel çərşənbəsi. Adət-ənənələrimizdir, qeyd edirik. Arzu edirəm ki, bu Bahar bayramı hamımıza düşərli olsun”.
Yel çərşənbəsi günü adətən tonqallar qalanır, südlü plov və ya bulğur bişirilir. Süfrələri, əsasən, quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlərlə bəzəyirlər. Qadınlar Axır çərşənbə üçün hazırlıqlar görür, evi təmizləyir, xalça-palaz çırpır, yorğan-döşəyi havaya verirlər.
Lənkəran sakini Samirə Ağayeva da bu ənənələri yaşadır. Deyir ki, bu çərşənbədə həm də həyət-baca təmizlənməli, səliqəyə salınmalıdır: “Bağ-bağça bellənməlidir. Ağacların yanmış, qurumuş budaqları budanır. Ondan sonra baharın gəlişinə hazırlıq görülür, evdə şirniyyatlar bişirməyə hazırlaşırlar”.

Azərbaycanda martın 19-da Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi qeyd olunacaq.
Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 07:06:21-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.

Regionlar 2024-03-12 16:58:00

Video