×
A
A
A
Sazlamalar

Aydın Səfixanlı: Minlərlə azərbaycanlı qadın ermənilərin etnik təmizləmə siyasətinin qurbanı olub

Bakı, 9 mart, AZƏRTAC

Ayrı-seçkilik insan hüquqlarının pozulmasıdır. Bu, milyonlarla insana təsir edir. İslamofobiya ayrı-seçkiliyə və insan hüquqlarının pozulmasına gətirib çıxaran amildir.
AZƏRTAC xəbər verir ki, bunu Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Bakıda təşkil edilmiş islamofobiyaya qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində keçirilən “Cinslərə görə islamofobiyanın əsası: müsəlman qadınların təqib edilməsi və müqaviməti, cins və cəmiyyət" mövzusunda aralıq sessiyada söyləyib.
Müsəlman qadınlarının hüquqlarının pozulmasının islamofobiya kontekstində artdığını bildirən A.Səfixanlı buradan xüsusən Fransanın nümunə çəkilməli olduğunu diqqətə çatdırıb: “Bir sıra Avropa ölkələrində dini libasların geyinilməsi də qadağan olub. Müsəlman qadınlar bu istiqamətdə həm siyasi, həm sosial baxımından, həm də media tərəfindən təzyiqə məruz qalırlar. Bu da onların azadlıqlarının kəskin şəkildə məhdudlaşdırılmasıdır. İslamın Qərb dəyərlərinə zidd olduğu deyilir. Əslində isə bu cür ittiham, müxtəlifliyə məhəl qoyulmaması zorakılığa yol açan amillərdir. Bunun sırasında müsəlman qadınlara, xüsusilə hicab geyinən qadınlara qarşı ayrı-seçkiliyə iş yerlərində və cəmiyyətin digər sahələrində də yol verilir. Bu da müsəlman qadınların təhsil haqlarının məhdudlaşdırılması ilə nəticələnir. Əksər qadınlar üçün bu cür ayrı-seçkilik maskalanır və gender bərabərliyinin təşviqi donu geyindirilir. Müsəlman qadınlar bunu təkzib edir və öz fikirlərini özləri ifadə etmək, müqəddəratlarını özləri həll etmək istəyirlər”.
Müasir Avropada qərəz din, gender əsasında və eyni zamanda, digər qeyri-qanuni əməllər əsasında qurulub. Amma ən çox müsəlman qadınlar bu zərbəni alırlar. Müsəlman qadınların geyiminə qarışırlar və nəticədə Avropa İttifaqında bəyan olunan gender bərabərliyi sanki kortəbii şəkildə bu cür ayrı-seçkiliklə riskə atılır. Təəssüf ki, hicabla bağlı qadağa həyatın digər sahələrinə də tətbiq edilir. Lakin BMT hicabla bağlı qadağanı qanun pozuntusu elan edib. Odur ki, bəzi Avropa ölkələri gender bərabərsizliyi və qeyri tolerantlığa son qoymalıdır".
A.Səfixanlı qeyd edib ki, beynəlxalq silahlı münaqişələrdə qadınlar 4-cü Cenevrə Konvensiyası tərəfindən qorunurlar. Bu cür vəziyyətlərdə qadınlar bütün hüquq və imtiyazlardan istifadə etməlidirlər. Bu zaman qadınlar həyata hörmət, fiziki və mənəvi bütövlük, təqib, əsir götürülmə kimi məsələlərdə istisna kimi çıxış edirlər. Təəssüf ki, bu cür öhdəliklər müsəlman qadınlara gəldikdə tətbiq olunmur: "Müsəlman qadınlar əksər hallarda müharibə cinayətlərinin qurbanı olurlar. Minlərlə azərbaycanlı müsəlman qadın ermənilər tərəfindən zorakılığa məruz qalıb, törədilən etnik təmizləmə siyasətinin və soyqırımın qurbanı olub. Onlar, sadəcə, müsəlman və türk olduqlarına görə hədəf seçiliblər. Bütün bu cinayətlər açıq-aydın islamofobiyanın və türkofobiyanın təzahürüdür. İslamofobiyanın mövcudluğu insan və qadın hüquqlarının kəskin şəkildə pozuntusu deməkdir. Biz əl-ələ verərək buna qarşı mübarizə aparmalıyıq".

Siyasət 2024-03-09 17:42:00