×
A
A
A
Sazlamalar

Özbəkistanda Qərbi Azərbaycanın mədəni irs və abidələrinə həsr olunan tədbir keçirilib VİDEO

Bakı, 7 mart, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı mədəni irs və abidələr” adlı fotosərgiyə baxış olub. Fotoşəkillərdə Qərbi Azərbaycan ərazisində Azərbaycanın tarixi, dini abidələri, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər mahallarda xalqımız tərəfindən yaradılan mədəni irs nümunələri öz əksini tapıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək deyib: “Azərbaycan xalqının əzəli torpaqları olan Qərbi Azərbaycan ərazilərində min illərlə yaratdığı böyük mədəniyyət və mədəni irs nümunələri var. Ermənilər böyük güclərin dəstəyi ilə bir əsrdə dörd dəfə Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edib. Onların öz yurdlarından qovulması tarixi ədalətsizlikdir. Qərbi azərbaycanlılar dəfələrlə ağrı və acılarla müşayiət olunan deportasiyaya məruz qalıblar. Hüquqları bərpa edilməli və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bu hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və bütün beynəlxalq konvensiyalar bu hüququ tanıyır”. Samir Abbasov sonda soydaşlarımızın gec-tez öz doğma yurdlarına qayıdacağına inandığını bildirib.
Özbəkistanda Qərbi Azərbaycandan olan icma nümayəndələri azərbaycanlıların doğulduqları ata-baba yurdlarına qayıtmalarının onların hüquqları olduğunu qeyd edərək, min illərlə bu ərazilərdə yaşayaraq böyük bir mədəni irs yaratdıqlarını vurğulayıblar. Onlar tarixən bu ərazilərdə erməni millətçilərinin azərbaycanlılara məxsus abidələri dağıtmağa və izlərini itirməyə çalışsalar da buna nail ola bilmədiklərini qeyd edərək, doğma torpaqlarına qayıdacaqlarına inandıqlarını söyləyiblər.
Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş və istehsalçısı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi olan “Nəsil ağacı” sənədli filmi nümayiş etdirilib. Qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və insan taleləri üzərində qurulan ekran əsərində deportasiyaya məruz qalan azərbaycanlı əhalinin çətin və faciəli həyatı öz əksini tapıb.
Ekran əsəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.

 

Mədəniyyət 2024-03-07 12:10:00

Video