×
A
A
A
Sazlamalar

Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” sərgisi açılıb

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi açılıb.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, ⁠Xalq rəssamı Aydın Rəcəbov və Xalq rəssamı Arif Hüseynov çıxış edərək, gənc rəssamın yaradıcılığından danışıb, ona böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgidə rəssamın 40-dan artıq əsəri nümayiş olunur. Onlar ənənəvi xalça sənətini müasir incəsənət növləri ilə birləşdirərək, milli irsimizi keçmişdən gələcəyə daşıyan özünəməxsus nümunələrdir. Burada müəllifin şəxsi kolleksiyasından qrafik əsərləri, Nihal Atsızın “Bozqurdların ölümü” kitabına çəkdiyi illüstrasiyaları, həmçinin Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer alır.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır. İnsanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsini göstərən kompozisiyaların əsas ilham mənbəyi isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi məna daşıyan xalça motivləridir.
Sərgi martın 12-dək davam edəcək.

 

Mədəniyyət 2024-03-07 12:28:00