×
A
A
A
Sazlamalar

Kölndə Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Bakı, 29 fevral, AZƏRTAC

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Almaniyanın Köln şəhərində anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Almaniyanın Köln, Bonn, Düsseldorf, Troisdorf şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin suverenliyimizi tam bərpa etdikdən sonrakı dövrdə diaspor siyasətindəki prioritetləri iştirakçıların diqqətinə çatdırıb. Komitə sədri hər il olduğu kimi, bu il də diaspor təşkilatları tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini, dünya ictimaiyyətinin məlumatlandırıldığını bildirib. Bir neçə gün əvvəl Köln kafedral kilsəsi önündə 200-dən çox diaspor nümayəndəsinin iştirakı ilə keçirilən aksiyanı xatırladan komitə sədri Almaniyada yaşayan soydaşlarımızın Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında həmişə xüsusi fəallıq göstərdiklərini vurğulayıb.
Daha sonra Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev çıxış edərək Xocalı qətliamının Ermənistan silahlı qüvvələri tərəfindən törədilən insanlıq əleyhinə cinayət aktı olduğunu, bu faciəni törədənlərin beynəlxalq hüquq qarşısında gec-tez cavab verəcəklərini bildirib.
Digər çıxış edənlər - Avropa Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev, sədr müavini Sərdar Əliyev, əslən Ağdamdan olan və ailə üzvlərini Birinci Qarabağ müharibəsində itirmiş, “Qarabağ” futbol klubunun sabiq üzvü, hazırda Almaniyada yaşayan həmyerlimiz Vüqar Cəfərov, eləcə də alman tarixçi və musiqişünas Anja Bel, Alman–Azərbaycan Mədəniyyət Evinin həmsədri Altay Rüstəmli Xocalı faciəsinin ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən acı səhifələrindən biri olduğunu söyləyiblər.
Tədbirin bədii hissəsində pianoda Almaniya Azərbaycanlıları Alyansının üzvü Səbinə Məmmədovanın, tarda isə Vahid Məmmədov ifasında həzin musiqilər səsləndirilib.
Sonra erməni vandallarına qarşı döyüşən qəhrəman oğullarımızdan bəhs edən “Oğul” sənədli filmi nümayiş olunub.
Yekunda tədbir iştirakçılarına soyqırımı ilə bağlı məlumatlandırıcı bukletlər və döş nişanları paylanılıb.

Qan yaddaşı 2024-02-29 11:27:00