×
A
A
A
Sazlamalar

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının ildönümü qeyd edilib

Naxçıvan, 28 fevral, AZƏRTAC

Heydər Əliyev adına Hərbi Liseyin müstəqil fəaliyyətə başlamasının və Ümummilli Lider Heydər Əliyevin Hərbi Liseydə xatirəsinin əbədiləşdirilməsinin 20-ci ildönümü qeyd edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə liseyin hərbi qulluqçuları və kursantları hərbi marşlar ifa edərək Heydər Əliyev Muzeyinə yürüş ediblər. Hərbi qulluqçular, pedaqoji kollektiv və kursantlar Ümummilli Liderin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət
edib, önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyində eksponatlarla tanış olublar.
Hərbi liseydə keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib. Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini şəxsi heyətə çatdırıb.
Bildirilib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Ordusu qısa müddətdə böyük inkişaf yolu keçib. Əcdadlarımızın hərbi ənənələrini yaşadan, xalqın sevgisi və dövlətin qayğısı ilə əhatə olunmuş ordu Ümummilli Liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müdafiə qüdrətinin artırılmasında böyük uğurlar qazanıb.
General-polkovnik K.Mustafayev qeyd edib ki, artıq 20 ildir müstəqil fəaliyyət göstərərək Ulu Öndərin adına layiq nümunəvi təhsil müəssisəsi olaraq savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsi ilə ordumuza böyük töhfə verən hərbi lisey ətrafında yüzlərlə vətənpərvər gənci birləşdirən mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Heydər Əliyev adına Hərbi Liseyin məzunları da şərəfli döyüş yolu keçərək qəhrəmanlıq göstərib, adlarını tarixin şanlı səhifələrinə yazıblar.
Heydər Əliyev adına Hərbi Liseyin rəisi polkovnik Elşad Həsənov və liseyin ictimai fənlər bölməsinin rəisi Mirismayıl Seyidov hərbi liseyin keçdiyi inkişaf yolundan danışıb, kursantların hərbi biliklərə yiyələnməsi üçün yaradılan hərtərəfli şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonra tədrisdə və pedaqoji fəaliyyətində əldə etdikləri nailiyyətlərə görə bir qrup hərbi qulluqçu, müəllim və kursantın mükafatlandırılması ilə bağlı Əlahiddə Ümumqoşun Ordu komandanının əmri tədbir iştirakçılarına çatdırılıb və mükafatlar təqdim olunub.
Şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.
Sonda Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik K.Mustafayev pedaqoji heyətlə görüşərək əlamətdar gün münasibətilə kollektivi bir daha təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Regionlar 2024-02-28 22:30:00