×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Peru Konqresində anılıb

Bakı, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi Peru Konqresində anılıb. Peru-Azərbaycan dostluq qrupunun, diplomatik missiya rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Perudakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Azərbaycanın Perudakı səfiri Məmməd Talıbov iştirakçıları XX əsrin amansız faciələrindən olan Xocalı soyqırımı barədə ətraflı məlumatlandırıb.
Soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, insanlıq əleyhinə misli görünməmiş belə cinayətlərin yenidən baş verməməsinin əhəmiyyətini vurğulayan diplomat ədalətin bərpası üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından bəhs edib.
Bu gün - 32 il sonra Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağının dalğalandığını, bununla da Xocalı şəhidlərinin ruhunun şad olduğunu bildirən M.Talıbov artıq ölkəmizin çoxillik işğaldan sonra keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətlə qayıtmalarını təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, yenidənqurma və bərpa işləri aparmasından söz açıb.
Bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresi tərəfindən Xocalı soyqırımına dair müxtəlif sənədlərin qəbul edildiyini xatırladan səfir Azərbaycan xalqı üçün mühüm əhəmiyyət daşıyan bu məsələdə göstərdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Peru tərəfinə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Peru-Azərbaycan dostluq qrupunun üzvləri Maria del Karmen Alva Prieto, Karlos Ernesto Bustamente Donayre və And Parlamentinin Perudan olan üzvü Qustavo Adolfo Paçeko Viyyar öz növbələrində Xocalıda amansızcasına qətlə yetirilmiş soydaşlarımızla əlaqədar Azərbaycan xalqına dərin başsağlığı verib, belə faciələrin bir daha təkrarlanmaması üçün günahkarların ədalət qarşısına çıxarılmasının vacibliyin vurğulayıblar.
Sonda Xocalı soyqırımı ilə bağlı qısametrajlı film nümayiş olunub, iştirakçılara qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar paylanıb.

Qan yaddaşı 2024-02-28 16:32:00