Xocalı soyqırımına dözməyərək dünyasını dəyişən generalın xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımına dözməyərək bir gün sonra dünyasını dəyişən vətənpərvər, xeyirxah, səmimi insan olan general Akim Abbasovun xatirəsini yad etmək üçün Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və ailə üzvləri bu gün Birinci Fəxri xiyabanda olub, unudulmaz sərkərdənin məzarı önünə qızılgül çələngi və qərənfillər düzərək xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, “Ulu Öndər Heydər Əliyevin sevimli qəhrəmanları” silsiləsindən vətənpərvərlik tədbirləri çərçivəsində keçirilən anım mərasimində general Akim Abbasov haqqında "Qeyrət qılıncı" və "General ömrü" adlı kitabların müəllifi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani çıxış edərək unudulmaz sərkərdənin hər bir gənc üçün örnək olan mənalı ömür yolu və sərkərdə məharətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Qeyd olunub ki, erkən yaşlarından valideynlərini itirən Akim Abbasov uşaq evində tərbiyə alıb. Gənc yaşlarından Zaqafqaziya hərbi hazırlıq məktəbinin kursantı olub, 1941-1945-ci illər II Dünya müharibəsində igidlik nümunələri göstərib. Frunze adına Hərbi Akademiyanı bitirib, 12 il diviziyalara komandirlik edib. Xidmətləri onlarla döyüş orden və medalları ilə qiymətləndirilib.
İstefaya buraxıldıqdan sonra respublika avtomobil nəqliyyatı nazirinin müavini, Azərbaycan Sülhü Müdafiə Komitəsinin katibi, Bakı Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində xidmət edib. Ulu Öndər Heydər Əliyev Azərbaycan sərkərdələrindən danışarkən Həzi Aslanov, Mahmud Əbilov kimi generallarla yanaşı, Akim Abbasovun da adını həmişə birincilər sırasında çəkib.
1992-ci il fevralın 27-də generalın vəfatı xəbərini eşidən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri Heydər Əliyev onun dəfn mərasimində iştirak etmək üçün Naxçıvan ziyalılarından və veteranlarından ibarət böyük nümayəndə heyətini Bakıya göndərib və Akim Abbasov kimi sərkərdələrin, vətənpərvər insanların heç vaxt unudulmayacağını bildirib.
Sonralar Ümummilli Liderin Sərəncamı ilə general Akim Abbasovun yubileyi dövlət səviyyəsində qeyd olunub.
Polkovnik Elvin Əzizov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da artırılmasında ata və babalarımızın qəhrəmanlıq ənənələrinin, hərb tariximizin öyrənilməsinə, təbliğinə böyük əhəmiyyət verildiyini nəzərə çatdırıb. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanaraq vurğulayıb ki, qəhrəmanlıq ənənələrimizi öyrənmədən, hərb tariximizi bilmədən yeni qəhrəmanlar yetişdirmək mümkün deyil. General Akim Abbasov kimi sərkərdələrin qəhrəmanlıq nümunələri Azərbaycanın müstəqilliyini qorumaqda, əbədi etməkdə bu gün də örnəkdir.
Generalın oğlu, Azərbaycanın Silahlı Qüvvələr veteranı, istefada olan polkovnik Asif Abbasov atasının xatirəsinin həmişə əziz tutulduğuna görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.
Polis zabiti avtomobil qəzasında həlak olub
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
Ukraynada çalışan azərbaycanlı həkim: Hadrutda kölgəsində böyüdüyüm çinarı tapdım...