×
A
A
A
Sazlamalar

Təbriz qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Bakı, 27 fevral, AZƏRTAC

Təbrizin geniş oxucu kütləsinə malik olan “Tribune Tebriz” qəzetində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdikləri qeyd olunub. “Xocalı soyqırımı qurbanlarını rəhmətlə yad edirik. Unutmadıq, unutmarıq” sərlövhəli yazıda oxuculara həmin dəhşətli hadisələr barədə ətraflı məlumat verilir. Qəzet vurğulayır: “Xocalı soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, 3 nəfər diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib. Xocalı soyqırımı zamanı qanlı əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımı öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi”.
Məqalədə qeyd olunur ki, 1994-cü ildə dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. Eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq “Xocalıya ədalət!” kampaniyası ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.
Təbrizli oxucuların diqqətinə çatdırılıb ki, erməni işğalına son qoyulması nəticəsində 15 oktyabr 2023-cü il tarixi Xankəndi, Xocavənd, Ağdərə və Xocalıda Azərbaycan Respublikasının Bayrağının qaldırıldığı gün kimi təqvimə yazılıb.
“Tribune Tebriz” sonda yazıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağımızı ucaldıb. 1992-ci il fevralın 26-da Azərbaycan xalqına qarşı tarixin ən qanlı qırğınlarından birinin törədildiyi Xocalı şəhəri də 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində azadlığına qovuşub. Xocalıda Azərbaycan Bayrağının dalğalanması faciə qurbanlarının qanının yerdə qalmadığının rəmzidir.

Qan yaddaşı 2024-02-27 17:32:00