Xocalı sakini: Atamın nəinki məzarı, heç şəkli də yoxdur
Bakı, 27 fevral, AZƏRTAC
Ermənilər Xocalı soyqırımının planını ilmə-ilmə toxumuşdular. Biz Xocalının Daşbulaq qəsəbəsində yaşayırdıq. Sakinlərdən 300 nəfəri ermənilər idi. Qəsəbədə cəmi 40 azərbaycanlı yaşayırdı. Uşaq olsam da yadımdadır, 1980-ci illərin sonlarında ermənilər azərbaycanlıların evlərini gecələr atəşə tuturdular, qaçıb meşədə qalırdıq, səhər gəlirdik evə. Dördüncü sinifdə oxuyurdum, məktəbdə erməni şagirdlər bizimlə dalaşırdılar. "Turkes" deyib kobudluq edirdilər. Uşaq olduğumuzdan heç nə anlamırdıq. Onlar "Qarabağ bizimdir" deyirdilər, biz də cavab olaraq sizin deyil bizimdir deyəndə dava düşürdü. Cəzanı isə bizə verirdilər. Ermənilər öz uşaqlarını belə bizə qarşı nifrətlə böyüdürdülər. Vəziyyət dözülməz həddə çatmışdı. 1988-ci ildə ruslar bizi maşınlarla Xocalının mərkəzinə gətirdilər.
Bunu AZƏRTAC-a açıqlamasında Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə "Ana harayı" abidəsini ziyarət edən Xocalı sakini Əminə Mahmudova deyib.
"Soyqırımından bir müddət əvvəl Xocalını mühasirəyə almışdılar. Vəziyyət çox pis idi, hər tərəfdən raketlə atırdılar. Atam Əhliman Mahmudov özünümüdafiə dəstəsində kəşfiyyatçı idi. Hadisədən bir həftə əvvəl atam bizə gəlib dedi ki, Xocalıdan çıxmaq lazımdır. Altı bacı idik. Biz atamızı tək qoymaq istəməsək də, Xocalını tərk etməli olduq. Bacılarımdan biri israrla çıxmadı. Həmin bacım soyqırımı vaxtı güllə yarası aldı və indi Qarabağ əlilidir. Onun həyat yoldaşı da yaralanmışdı.
Ermənilər soyqırımından əvvəl əmimi öldürdülər. Onu qətlə yetirən polis mayoru idi. Atamın başına isə ermənilər pul qoymuşdular. O, bizi Xocalıdan çıxarsa da özü çıxmadı. Bu günə qədər itkindir. Onu son dəfə görənlərdən eşitdiklərimizə görə, Xocalı camaatını Ağdama ötürəndən sonra mühasirəyə düşüb, son gülləsi ilə özünü vurub. Xalamın yoldaşı əsir düşmüşdü. Onu geri qaytarsalar da çox yaşamadı. Qırx nəfərlə birlikdə geri almışdılar. Lakin ermənilər onların hamısına qənd yedizdirib, başlarının üstündə durub ki, ağızlarında əriməlidir. Qəndin tərkibində nə olduğu hələ də müəmmalıdır. Hamısı qaraciyər sirrozundan dünyasını dəyişdi. Xalam qızı yeddi aylıq hamilə idi. Atasının qucağında donvurmadan öldü. Xalamın gəlininin qohumlarından bir ailənin dörd üzvünü təndirdə yandırdılar.
Yadımdadır, Ağdamda meyitlərin arasında atamı axtaranda dəhşətə gəldim. Elə tanınmaz halda idilər ki... Hətta eləsi var idi ki, başı bədənindən ayrılmışdı. Orada mən xəstəlik də tapdım... Ən dəhşətlisi bilirsiniz nədir? Atamın nəinki məzarı, heç şəkli də yoxdur. Xocalıda kütləvi məzarlıq aşkarlanması itkini olan hər kəsdə ümid yaradır. Atamın məzarı olsa bilərəm ki, ziyarət edəcəyim yer var. Xocalıya dönəndən sonra axtarıb atamın şəklini də tapmaq niyyətindəyəm. Mən onu ən son 12 yaşımda görmüşəm...", - deyə Ə.Mahmudova qeyd edib.
Torpaq sürüşməsi nəticəsində Pakistanda 1 ailənin 12 üzvü həlak olub
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib