×
A
A
A
Sazlamalar

Xocalı soyqırımına aparan hadisələr – Şahidin dili ilə

Bakı, 27 fevral, Ceyhun Xəlilov, AZƏRTAC
Xocalıda törədilən dəhşətli soyqırımıdan 32 il keçməsinə baxmayaraq, faciə ərəfəsində baş vermiş hadisələri yaşayan insanların ağrı-acıları hələ də qəlblərindədir.
Onlardan biri olan Əvəz Məmmədov soyqırımına aparan hadisələr barədə AZƏRTAC-a danışıb.
Əvəz Məmmədov həmin hadisələri belə xatırlayır: “Xocalı ilə Xankəndini bizim kənd birləşdirirdi. Xocalıya daxil olmaq üçün Cəmillidən keçmək lazım idi. Aramızdakı məsafə təxminən bir kilometr idi. Buna görə də düşmənin hədəfinə çevrilmişdi.
Ermənilərlə bizim aramızda daim münaqişələr baş verirdi, amma daha çox 1988-ci ildən sonra nifrətləri artmağa başladı. İlk illər həqiqətən də bizə toxunmurdular - həmişəki kimi, bizdən qorxur, çəkinirdilər. Ancaq elə ki, silahlandılar, texnikaları gəldi, arxayınlaşdılar, başladılar müqavimətə, təxribata. 1989-cu ilin fevralın 13-də Xankəndidə nümayiş keçirirdilər, tonqallar qalayır, günlərlə orada yatırdılar. Həmin ərəfələrdə qərara gəldik ki, gedib nə etdiklərinə baxaq, görək nə mitinqidir. Xankəndiyə getmək üçün ermənilərin kompakt yaşadıqları Xənəzək adlanan ərazidən keçmək lazım idi. Xənəzəkdən keçəndə mağazadakı satıcı bizə salam vermədi, səbəbini başa düşməyib soruşduq, dedi ki, bizə sizə salam verməyə icazə vermirlər. Həmin hadisələrdən sonra ağdamlılar nümayiş keçirəndə həmin ermənilər bizə sığındılar. Əvvəl mənə salam verməyən Edo “Bir şey olsa, gələcəyəm sizə, məni qoruyarsan” demişdi. Bax, onlar elə ikiüzlü idilər”.
O deyir ki, ermənilər silahdan əvvəl onları daşa tuturdular. Yolların qırağında gizlənir, avtobus və ya avtomobil keçdikdə çıxıb daş atır, sonra atəş açırdılar. Həmin hadisələr zamanı bir neçə nəfər gözündən, başından ciddi xəsarət almışdı. Meşəlidən Əli var idi, mənimlə birgə xəstəxanada qalırdı, o da məhz həmin hadisələrdə yaralanmışdı.
Bizim kəndə giriş-çıxış üçün bir avtomobil yolu var idi. Elə o vaxtdan ermənilər həmin yolu bağladılar. Orada mühasirədə qaldıq, bizim üçün iki vertolyot ayırdılar, gündə bir dəfə Ağdamdan və Şuşadan gəlirdi. Gündə bir dəfə gedib-gələ bilirdik, o da çox vaxt bazarlıq üçün olurdu. Vertolyotlar gedəndən sonra qalırdıq əlacsız, yaralımız da olsa, hücum da olsa, heç nə etmək olmurdu.
Gərginliyin ilk illərində rus hərbçiləri demək olar hər ay kəndi mühasirəyə alır, yoxlama aparır, olan-qalan silahlarımızı yığırdılar. Məqsəd də guya sülhü bərqərar etmək idi, guya biz onlara qarşı təxribat törədə bilərdik. Kənddə demək olar silah yox idi. İyirmi kişiyə bir silah tapılmazdı.
1988-ci ildə - Sumqayıt hadisələrindən iki gün sonra Xocalıdan kəndə gəlirdik. Yolumuz belə idi ki, biz ilk Xocalının Ballıca kəndindən, sonra Xənəzəkdən keçib Cəmilliyə gəlməli idik. Bizi Ballıca ilə Xənəzəkin arasında mühasirəyə aldılar. Onların içərisində Sumqayıt erməniləri də var idi. Guya bizdən qisas alırdılar. Sürücüyə kömək etdik, o, kəndə doğru üz tutdu. Mənimlə Elman adlı həmkəndlimi isə tutdular, apardılar Əsgəran polisinə. Bizi üç gün saxlayıb olmazın işgəncələr verdilər. Onlardan bizi buraxmaqlarını tələb edirdik, müqavimət göstərirdik, amma heç bir xeyri olmurdu. Beş-altı erməni bizə işgəncə vermək üçün birdən hücum edirdi. Sonra bizi buraxdılar - nəyin qarşılığında olduğunu bilmədik. Bizi Xənəzəkdə düşürdülər. O qədər zülmə məruz qalmışdıq ki, ayaqlarımız yerimirdi. İlk əsirliyim onda oldu.
Rayon əhalisi ilə daha çox onun ünsiyyətdə olduğunu bildirən müsahibimiz qeyd edib: “Kəndə ərzaq daşımaq üçün ərazidən çıxıb digər yerlərə üz tuturduq. Bu məqsədlər - həm ərzaq daşımaq, həm də qadınları, uşaqları kənddən təxliyə etmək üçün bizə “Zil” markalı avtomobil vermişdilər. Belə günlərdən birində - 1990-cı il dekabrın 15-də mən, bir neçə kənd sakini, Mikayıl Cəbrayılov və onun tabeliyində olan Arzu Əliyev adlı polis əməkdaşı ilə birlikdə kənddən çıxdıq. Mikayıl Cəbrayılovla digər polis əməkdaşı bizi qorumaq üçün yanımızda əyləşmişdilər. Yolda qarşımızı kəsdilər və avtomobilin ön hissəsinə atəş açdılar. Onlar 4 nəfər öndə əyləşənləri nişan almışdı. İlk açılan atəşdə güllə Arzunun başından dəydi. Gözümə şüşə doldu, əlimi üzümə tutdum. Gözlərimi açmadan Arzunu itələməyə başladım və çıxmağını tələb edirdim. Hərəkətsizliyi sezəndən sonra ona tərəf baxdım və vurulduğunu gördüm. “Zil”in yük yerində oturanları gülləbaran etdilər. Həmin vaxt kürəkənim Rövşən ayağından güllə yarası aldı. Əhməd adlı qohumumuz elə oradaca şəhid oldu. Həmin vaxt güllənin biri də mənim kürəyimə dəydi və huşumu itirdim. Bircə o yadımdadır, Mikayıl Cəbrayılov dedi ki, “Siz uzaqlaşın, uzaqlaşın”. “Zil”dən düşdü təkbaşına ermənilərə qarşı döyüşməyə başladı. Onu elə həmin yerdə 24 güllə ilə şəhid etdilər. Biz “Zil”in qapısından yerə yıxıldıq, məni sürüyərək çayın içi ilə dartıb aparmağa başladılar... Sonradan ermənilər bizi əsir götürüb Əsgərana apardılar. Dörd gün orada saxlanıldıq. İnsanları döyürdülər, məqsədləri bizi qorxutmaq idi. Bizə mütləq kənddən çıxmalı olduğumuzu bildirərək deyirdilər: “Gedəndə onlara da deyərsiniz, buralar bizimdir. Çıxın kənddən. İstəyirsiniz hamınızı öldürək?”.
1991-ci il dekabrın 15-də atışma səsləri eşidildiyini, işlədiyi mağazanı bağlayıb Dursun adlı rəisin yanına getdiyini deyən Ə.Məmmədov bildirib: “Onun yanında ratsiya var idi. Onu götürdü və əlaqə saxlamağa başladı. Parolla başa salmağa çalışırdı. Dedi ki, “Dolu yağır, dolu yağır”. Elə həmin vaxt anidən tezliyə bir erməni qoşuldu. Cavab verdi ki, “Ara, Mamed, dolu yoxe, bir azdan qar yağacaq”. Sonra başladı təhqirə. Aradan bir az keçmişdi mağazaya atəş açıldı. Mağazanın pilləkəni diametri böyük, qalın palıddan idi. BMP-nin mərmisinin düşməyi ilə pilləkən darmadağın oldu. Görünür, gecəgörmə cihazı ilə bizi izləyirmişlər. Sonra mən sağollaşıb və getdim. Ailəmi evdən çıxarıb bir az kənddən uzağa - yaxın qohumlarımızdan birinin evinə apardım. Səhərə qədər atışma davam etdi, texnika hərəkət edəndə artıq anladıq ki, “bu həna o hənadan deyil”.

Qan yaddaşı 2024-02-27 14:29:00