×
A
A
A
Sazlamalar

Səfir: Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və nifrət siyasətinin nəticəsidir

Tbilisi, 27 fevral, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə səfirliyin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov və birliyin üzvləri, Marneuli şəhərinin meri Kənan Ömərov, Xocalıdan olan ailənin üzvləri, din xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş fotosərgiyə baxıblar.
Sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir Faiq Quliyev çıxış edərək Xocalı faciəsinin, eləcə də, ermənilərin azərbaycanlılara qarşı törətdiyi digər ağır cinayətlərin baş vermə səbəbləri, acı nəticələri barədə ətraflı məlumat verib. Bildirilib ki, Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı sistemli şəkildə həyata keçirdiyi irqi ayrı-seçkilik və nifrət siyasətinin nəticəsidir. F.Quliyev deyib ki, erməni silahlı dəstələrinin Xocalı ilə yanaşı Cəmilli, Kərkicahan, Meşəli, Malıbəyli, Quşçular, Qaradağlı və digər yaşayış məntəqələrində də azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar törədiblər. Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində itkin düşmüş 150 nəfərin taleyi bu günədək məlum deyil.
Diplomat deyib: “Azərbaycan hər zaman münaqişənin sülh müstəvisində həllinə dair çağırışlar edirdi. Lakin Ermənistan 2020-ci ildə yeni ərazilər uğrunda yeni müharibələr doktrinasını təqdim edərək, danışıqlar prosesinə ciddi zərbə vurmağa çalışırdı. Azərbaycan 2020-ci ilin sentyabrında 44 günlük Vətən müharibəsində onların müharibə doktrinasını darmadağın etdi”.
Onun sözlərinə görə, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan bayrağını ucaltmaqla tarixi ədaləti bərqərar edib.
Tədbir çərçivəsində Azərbaycanın Əməkdar jurnalisti, şair-publisist Nizami Məmmədzadənin “Qanla yazılmış Xocalı” poemasının təqdimatı olub. N.Məmmədzadə, gənc fəal Nərgiz Əliyeva, əslən Xocalıdan olan və hazırda Marneulidə yaşayan Gülnaz Çıldırlı ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımı, terror və digər qanlı cinayətlər barədə danışıb, fikirlərini bölüşüblər.
Tədbirdə Xocalı soyqırımı itkinlərinin naməlum taleyindən bəhs edən “13” adlı bədii-sənədli filmi nümayiş olunub. Filmdə haqqında bəhs edilən 13 gənc qətliam günü Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhalinin arasından seçilərək aparılıb və onların taleyindən indiyədək xəbər yoxdur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Qan yaddaşı 2024-02-27 03:16:00