Türkiyənin Rumıniyadakı səfiri: Dünya ictimaiyyəti Xocalı soyqırımına səssiz qaldı
Buxarest, 27 fevral, AZƏRTAC
Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Buxarestdə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Tədbirdə Rumıniya parlamentinin deputatları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Türkiyə və Türkmənistanın Rumıniyadakı səfirləri, ümumilikdə, diplomatik korpus rəhbərləri və nümayəndələri, ziyalılar, iş adamları, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, yerli jurnalistlər iştirak ediblər.
Anım mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov bu il Azərbaycan xalqının Xocalı faciəsinin ildönümünü fərqli ab-havada qeyd etdiyini vurğulayıb. Ölkə ərazisində suverenliyin bərpa olunduğu və Xocalıda da üçrəngli bayrağımızın dalğalandığını söyləyən səfir, Azərbaycan dövlətinin cinayətkarların cəzasız qalmaması istiqamətində işlərini davam etdirdiyini diqqətə çatdırıb. "Xocalı cinayətkarlarının artıq bir hissəsi cinayət məsuliyyətinə cəlb olunub və məhkəmə qarşısında cavab verəcəklər”, - deyə diplomat əlavə edib.
Daha sonra Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan çıxış edərək, dünya ictimaiyyətinin uzun illər Xocalı soyqırımına səssiz qaldığını söyləyib. Azərbaycanın ədaləti öz gücünə bərpa etdiyini və bütün bu müddət ərzində Türkiyənin daim qardaş Azərbaycanın yanında olduğunu bildirib.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində Xocalı faciəsi haqqında sənədli film nümayiş etdirilib, soyqırımına dair fotosərgi təşkil olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb
20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib