×
A
A
A
Sazlamalar

Moldovalı deputat: Xocalıda mülki şəxslərə silahlı hücum bəşəriyyətin qəlbində əbədi yara buraxıb

Kişineu, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Moldovanın paytaxtı Kişineuda Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Moldovanın rəsmi şəxsləri, ictimai-siyasi xadimlər, Moldovada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, Azərbaycan diasporunun fəalları və KİV nümayəndələri iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra iştirakçılara Xocalı soyqırımı şahidinin 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş amansız və acımasız hadisələrdən bəhs edən müsahibəsi nümayiş olunub.
Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev çıxış edərək bildirib ki, Ermənistanın Azərbaycana silahlı təcavüzü zamanı dinc əhalinin vəhşicəsinə qətlə yetirilməsi soyqırımı aktıdır. Səfir qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası vasitəsilə bu qanlı hadisə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Diplomat çıxışı zamanı soyqırımının beynəlxalq aləmdə tanınmasının vacibliyini qeyd edərək, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, İndoneziya, Kolumbiya, Panama, Paraqvay, Honduras, Əfqanıstan, Qvatemala və Cibuti parlamentlərinin Xocalı qətliamını soyqırımı aktı kimi təsdiqlədiyini qeyd edib.
Azərbaycanın səfiri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Xocalıda ilk dəfə olaraq şəhidlərin xatirəsinin ehtiramla yad edildiyini diqqətə çatdırıb.
Moldova Respublikası Parlamentinin deputatı, Moldova-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Vitali Jakot Xocalıda baş vermiş faciəli hadisələrin Azərbaycan xalqı üçün ağır sınaq olduğunu qeyd edib. Həmçinin günahsız insanların, qadınların, uşaqların, qocaların vəhşicəsinə təcavüzə məruz qaldığını bildirib. Deputat onu da qeyd edib ki, bu amansız hücum qurbanlara nəinki dözülməz iztirablar gətirdi, hətta bəşəriyyətin qəlbində əbədi yara buraxdı. Vitali Jakot Azərbaycan Respublikası üçün bu ağır zamanda Moldova Respublikasının Azərbaycan xalqının dərdinə şərik olduğunu, mənəvi dəstək və humanitar yardım göstərdiyini də vurğulayıb, həmçinin faciənin beynəlxalq aləmdə qınanmasına dəstək verilməsini müdafiə edib və lazımi araşdırmanın aparılmasına çağırıb.
“Sonda qeyd etmək istərdim ki, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri zamanı mən ilk dəfə Xankəndidə olmuşam, həmçinin Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üzrə parlament missiyasının rəhbəri idim. Mədəniyyət paytaxtı Şuşa və Xankəndinə gedən yolda Xocalıdan keçdik, bu faciənin baş verdiyi yerə baş çəkmək imkanım oldu”, - deyə Vitali Jakot çıxışında vurğulayıb.
Millətlərarası Münasibətlər Agentliyinin direktor müavini Nikolae Raditsa isə bildirib ki, Moldova Respublikası mülki şəxslərə qarşı təcavüz aktlarını pisləyir.
Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov qeyd edib ki, Xocalı faciəsi Azərbaycan tarixinin qanlı səhifəsidir. E.Bayramov erməni işğalından azad edilmiş rayonlarda, həmçinin Xocalıda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri barədə də məlumat verib.
Moldova Azərbaycanlıları Konqresinin üzvü Maarif Rəhimov Xocalı hadisələrinin amansızlığından danışıb, günahsız insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini qeyd edib.
Tədbir çərçivəsində Xocalıda baş vermiş faciəyə həsr olunmuş fotosərgi açılıb.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

Siyasət 2024-02-27 00:29:00