×
A
A
A
Sazlamalar

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

İstanbul, 26 fevral, AZƏRTAC

Ankarada yerləşən Xocalı muzeyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi və Ankaranın Kızılcahamam Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən Kızılcahamam Bələdiyyəsinin sədri Süleyman Acar 32 il keçməsinə baxmayaraq, Xocalı soyqırımının unudulmadığını və unudulmayacağını qeyd edib. Bələdiyyə sədri Kızılcahamam ilə Xocalının qardaş şəhərlər olduğunu və aralarındakı bağların daha da möhkəmlənəcəyini vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxış edərək, Xocalı soyqırımının Türkiyədə xatırlanmasının əhəmiyyətini vurğulayıb. Səfir bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətin dünya miqyasında tanınmasına çağırış edib.
Anım tədbirinin sonunda Xocalı abidəsi önünə tər güllər qoyulub, Xocalı muzeyi ziyarət olunub.
Daha bir anım mərasimi Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.
Tədbir Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə baş tutub.
TBMM-in deputatlarının, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşlarının, ictimaiyyət və media nümayəndələrinin iştirak etdikləri tədbirdə bu qanlı hadisə barədə danışılıb, dünya tarixinin ən vəhşi cinayətlərindən biri olan Xocalı soyqırımını törədənlərin ədalət mühakiməsinə çıxarılmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində TBMM-də Xocalı soyqırımını əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Qan yaddaşı 2024-02-26 20:57:00