Şəkidə məskunlaşan Xocalı sakinləri doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər
Şəki, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
İnsanlığa qarşı ən böyük cinayətlərdən olan Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə toplantı keçirilib, rayon ərazisində məskunlaşmış Xocalı sakinləri ilə görüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə foyedə gənc rəssamların Xocalı mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxıblar.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıb. Qeyd olunub ki, soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının böyük əhəmiyyəti var.
Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tam təmizlənib və ötən il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Faciə zamanı yaxınlarını itirən, erməni vəhşiliyinin şahidi olan rayonda məskunlaşmış Xocalı sakinləri çıxış edərək, qətliamı ürəkağrısı ilə bir daha xatırladıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhər və kəndlərimizin, o cümlədən Xocalı rayonunun da işğaldan azad olunduğunu, öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Sonra Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Saat 17:00-da rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mirsalam Qənbərov: 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 273 ekoloji layihə həyata keçirilib
Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyəti Qubadlıda olub FOTO
Xankəndidə ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilir
Naxçıvanda aksiz markası olmayan 15 min ədədə yaxın siqaret aşkarlanıb