×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi GDU-da anılıb

Gəncə, 26 fevral, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə universitetin rektoru Yusif Yusibov və professor-müəllim heyəti Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərləri və kitablardan ibarət stendə baxış keçiriblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra soyqırımına həsr edilən videoçarx nümayiş olunub.
GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva çıxış edərək, 1992-ci il fevralın 25-dan 26-na keçən gecə Xocalıda törədilən faciədə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, bu kütləvi qırğında yüzlərlə insanın vəhşicəsinə qətlə yetirilməsi, yandırılması və girov götürülməsindən danışıb.
Prorektor Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə də söhbət açıb. Qeyd edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Tədbirdə Ümumi tarix kafedrasının dosenti Saidə İsmayılzadənin “Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyevin “Xocalı qətliamı – tariximizin harayı”, Azərbaycan dili kafedrasının müəllimi Günel Məmmədovanın “Xocalı yarası həmişə qəlbimizi sızladacaq” adlı məruzələri dinlənilib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərin qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tamamilə təmizləndi. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi.
Tədbirin sonunda tələbələrin ifasında Xocalı soyqırımına həsr edilən şeirlər səsləndirilib.

Regionlar 2024-02-26 17:28:00