×
A
A
A
Sazlamalar

Keçmiş döyüşçü: Qaraqaya yaxınlığında amansız qətliamın şahidi olduq

Ağdam, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Soyuq qış günündə, Xocalı işğal edilən gecə şəhər sakinləri xilas olmaq üçün Qarqar çayından keçərək meşələrə sığınıb, Ağdam istiqamətinə doğru hərəkət ediblər. Lakin erməni silahlıları onları həm Ağdamla Xocalı arasında olan postlardan, həm də arxalarınca gələrək güllə-boran edib, amansız qanlı cinayətlər törədiblər.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında iştirak etmiş keçmiş döyüşçü Cəfər Nuriyev deyib.
32 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışan keçmiş döyüşçü ermənilərin dinc sakinlərə qarşı həyata keçirdiyi vəhşilikləri heç zaman unutmayacağını bildirib: “Xocalı mühasirədə idi. Xocalılılara kömək etmək üçün hələ fevralın 22-dən əmr gözləyirdik. Ancaq əmr verilmədi. Fevralın 25-dən 26-na keçən gecə ratsiyadan atəş, çığırışma səsləri eşitdik. Rabitə əlaqəsi zamanı Xocalı sakinləri təcili kömək istəyirdilər. Əmr verilməsə də, biz Şelli istiqamətinə getdik. Fevralın 26-sı səhər Qaraqaya yüksəkliyinə çatanda artıq Ağdamdakı “Qarabağ şahinləri” taborunun könüllüləri buradakı erməni postunu ələ keçirmişdi. Başqa bir dəstə isə düşmənlə döyüşə-döyüşə Xocalı sakinlərini gətirirdi. Qaraqaya yaxınlığında biz amansız qətliamın şahidi olduq. Erməni cəlladları Xocalıdan Ağdama qaçan insanları vəhşiliklə qətlə yetirmişdilər. Qışın soyuğunda qadın, uşaq, qoca ermənilərin atdığı güllələrdən qorunmaq üçün Qarqar çayının yatağı ilə gəlirdi. Suyun içi ilə gələn bir qadın bizi görəndə əllərini qaldırıb “Ay ağdamlılar, sizə qurban olum”, - deyə qışqırdı. Həmin vaxt çox ağır mənzərələrin şahidi oldum. Onları bu gün belə xatırlayanda təsirlənirəm...”.
Keçmiş döyüşçü torpaqlarımızın işğaldan azad edilməsi ilə bütün şəhidlərimizin, o cümlədən Xocalıda qətlə yetirilən dinc sakinlərin qisasının alındığını, onların ruhlarının dinclik tapdığını bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı şanlı Zəfərlə Xocalı soyqırımı qurbanlarının da qisası alındı. Ötən ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalı və digər ərazilərimiz düşmənlərdən təmizləndi. İndi həm xocalılıların, həm də Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş silahdaşlarımın ruhu şaddır”.

Regionlar 2024-02-26 12:01:00